20 sentyabr
29 il əvvəl Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi ilə bağlı SOCAR və dünyanın aparıcı şirkətləri arasında müqavilə imzalanıb. Ulu öndər Heydər Əliyevin 2001-ci il sərəncamına əsasən, həmin gün Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.
1994-cü il 20 sentyabrda imzalanan və “Əsrin müqaviləsi” adını alan bu saziş ölkəmizin iqtisadi inkişafında mühüm mərhələ olub. İlk dəfə Azərbaycan 6 ölkəni təmsil edən 10 böyük neft şirkəti ilə əməkdaşlıq etdi. Müqavilə qısa zamanda nəticəsini verməsi ilə 1997-ci ildə “Çıraq-1” platformasında, 2005-ci ildə isə “Mərkəzi Azəri”də ilk neft hasil olunub.
Azərbaycan neftinin dünya bazarına çıxışı üçün “Bakı-Tbilisi-Ceyhan” boru kəməri layihəsi reallaşdırıldı. 2005-ci ildə istifadəyə verilən bu kəmər ölkənin enerji strategiyasının əsas nailiyyətlərindəndir.
2017-ci ildə Azərbaycan neftçiləri 2 milyardıncı ton nefti hasil etdilər. Bu uğur onların fədakar əməyinin və peşəkarlığının göstəricisidir.
20 sentyabr bu gün də ölkəmizdə Neftçilərin peşə bayramı kimi qeyd olunur.
Nigar Həsənzadə
