20 sentyabr Azərbaycan Respublikası Dövlət Suverenliyi Günü
Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun suverenliyidir. Bu anlayış bizim üçün sadəcə hüquqi termin deyil, əsrlər boyu mübarizə, qurban və milli iradənin təcəssümüdür.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan torpaqları dəfələrlə yad qüvvələrin işğalına məruz qalıb. Ancaq xalqımız heç vaxt azadlıq arzusundan vaz keçməyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə dövlət suverenliyi ideyası ilk dəfə reallığa çevrildi. Qısaömürlü olsa da, bu dövr xalqımıza müstəqilliyin nə demək olduğunu göstərdi.
1991-ci ildə isə Azərbaycan Sovet İttifaqının süqutu ilə öz müstəqilliyini yenidən bərpa etdi. Lakin suverenliyin qorunması asan olmadı – torpaqlarımızın bir hissəsi işğal olundu, xalqımız böyük sınaqlardan keçdi. Buna baxmayaraq, dövlətçilik iradəmiz sınmadı. 2020-ci ildə qazanılan tarixi qələbə isə Azərbaycan suverenliyinin bərpa olunmasının ən parlaq nümunəsi oldu.
Bu gün suveren dövlət kimi Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə söz sahibidir. Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” ilk dəfə 20 sentyabr 2024-cü il tarixində rəsmi olaraq qeyd edilib. Güclənən iqtisadiyyat, inkişaf edən ordu və milli birliyin möhkəmlənməsi bizim müstəqilliyimizin ən böyük təminatıdır.
Unutmayaq: dövlət suverenliyi bizə tarixdən miras qalmış müqəddəs dəyərdir. Onu qorumaq, gələcək nəsillərə daha güclü şəkildə ötürmək isə hər birimizin vətəndaşlıq borcudur.
Banuçiçək Məmmədova
