00:00:00
Yazar
Admin User
17.12.2025 17:51 92 2 dəq oxuma
Sosial

"20 yaş sindromu" nədir?

"20 yaş sindromu" nədir?

20 yaş dövrü bir çox gənc üçün qərarsızlıq, özünü tapmaq və gələcəklə bağlı narahatlıqların artdığı mərhələ kimi xarakterizə olunur. Təhsil, karyera, maddi müstəqillik və sosial gözləntilər bu yaşlarda gənclərin üzərində ciddi psixoloji təzyiq yaradır və bu vəziyyət “20 yaş sindromu” anlayışını aktuallaşdırır.

 

Mövzu ilə bağlı psixoloq Günel Məmmədova "İnformator.az" saytına açıqlamasında bildirib ki, 20 yaş ən çox uğursuz hiss edilən yaşdır:

 

"20 yaş sindromunun yaranmasında sosial şəbəkələr mühüm rol oynayır, çünki bu platformalarda insanlar əsasən həyatlarının ən uğurlu və ideal görünən tərəflərini paylaşırlar. Gənclər isə bu paylaşımları öz real həyatları ilə müqayisə edərək geridə qaldıqlarını düşünür, bu da özünə inamın azalmasına və daxili narazılığa səbəb olur. Davamlı müqayisə hissi “hamı məndən irəlidədir” düşüncəsini formalaşdırır və uğursuzluq qorxusunu dərinləşdirir.

 

Məhz bu dövrdə gənclər özlərini uğursuz hiss etməyə başlayırlar, çünki 20 yaş cəmiyyətdə “həyatın formalaşmalı olduğu” mərhələ kimi təqdim olunur. Təhsil, iş, maddi müstəqillik və şəxsi münasibətlərdə müəyyən nəticələr əldə etməli olduqları fikri gənclər üzərində ciddi təzyiq yaradır. Reallıqla gözləntilər üst-üstə düşmədikdə isə özünü dəyərsiz görmə və gələcəklə bağlı ümidsizlik hissləri meydana çıxır.

 

Ailə və cəmiyyətin gözləntiləri bu psixoloji vəziyyəti daha da ağırlaşdırır. “Bu yaşda artıq işin olmalı idi”, “yaşıdların çoxdan uğur qazanıb” kimi fikirlər gəncin özünü daim hesabat vermək məcburiyyətində hiss etməsinə səbəb olur. Dəstək əvəzinə tənqid və müqayisə ilə qarşılaşan gənclər daxili gərginlik, stress və özünə qapanma yaşayırlar.

 

Bu mərhələdən sağlam şəkildə çıxmaq üçün ilk növbədə hər kəsin həyat yolunun fərqli olduğunu qəbul etmək vacibdir. Sosial şəbəkələrdə görülən “ideal həyat” görüntülərinin reallığı tam əks etdirmədiyini anlamaq, özünü başqaları ilə deyil, əvvəlki halı ilə müqayisə etmək psixoloji yükü azaldır. Kiçik məqsədlər qoymaq, özünü inkişaf etdirməyə fokuslanmaq, ailə ilə açıq ünsiyyət qurmaq və lazım gəldikdə psixoloji dəstək almaq bu dövrü daha sağlam və balanslı şəkildə geridə qoymağa kömək edir".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər