2026 özü ilə nə gətirəcək?
2026-cı il yaxınlaşdıqca insanların bu ilin onlara nə gətirəcəyi maraq doğurur. Astroloqların fikrincə, 2026 dəyişikliklər, yeni imkanlar və mühüm qərarlarla yadda qala bilər. Bəs qarşıdakı il hansı sahələrdə yeniliklər vəd edir?
Mövzu ilə bağlı astroloq Sabirə Cəfər “İnformator.az”a açıqlamasında bildirib ki, bu il hərəkətlənmə və kəşflərlə assosiasiya olunan bir il olacaq:
“At ili ümumiyyətlə hiperaktiv, enerjili xüsusilə, alovlu xarakter daşıyan bir ildir. Bu il də məhz hiperaktiv enerji ilə seçilir. İlin əsas mövzularından biri Saturnun qoç bürcünə keçididir ki, bu keçid əngəllərin aşılması, həm elmdə, həm də incəsənətdə yeni kəşflərin ortaya çıxması deməkdir. Yəni bu il həm hərəkətlənmə, həm də kəşflərlə assosiasiya olunan bir il olacaq. Bu ilin ilk yarısında daha çox xərçənglər, ikinci yarısında isə şirlər şanslı olacaqlar. Çünki bu bürclər böyük şans planeti Yupiterin keçidini yaşayacaqlar. Məhz buna görə də il ərzində onların həyatında böyümə və genişlənmə üçün ciddi fürsətlər yaranacaq. Bundan əlavə, dolçalar bu il münasibətlər mövzusunda son dərəcə şanslı sayılırlar. Ümumilikdə isə hava qrupları münasibətlər baxımından, od və su qrupları isə həyatın bütün sahələrində şanslı hesab oluna bilər. Təbiət hadisələri baxımından da olduqca önəmli bir il olacaq. Xüsusilə bu il Saturn-Neptun qovuşumu baş verəcək ki, bu da yeraltı proseslər üçün həssas bir dövrə işarə edir. Vulkan püskürmələri və zəlzələlər kimi təbii hadisələrin il ərzində daha aktiv fazada müşahidə olunması ehtimalı yüksəkdir”.
Astroloqun sözlərinə görə, bu il major tranzitlərin ilidir və xüsusilə kommunikasiya sahəsində ciddi dəyişikliklər baş verəcək:
“Bu il, əslində, major tranzitlər ili hesab olunur. Saturn qoç bürcünə keçəcək, Neptun da qoça daxil olacaq. Yupiter şir bürcünə, Pluton isə hazırda dolça bürcündə yerləşir. Uran da əkizlər bürcünə keçəcək.
Uranın Əkizlər bürcünə keçidi qlobal xarakter daşıyır, çünki Uran bu bürcə 80 ildən artıq bir müddətdən sonra qayıdır. Bu keçid xüsusilə kommunikasiya sahələrində -istər ünsiyyət, istər informasiya sektoru, istərsə də sosial və kütləvi informasiya vasitələri, eləcə də insanlararası əlaqələrdə köklü yeniliklər və ilk dəyişikliklər gətirəcək.
Bu dövrdə, eyni zamanda, robot texnologiyalarının və süni intellektin daha sürətlə inkişaf etdiyini müşahidə edə bilərik.
Neptunun qoç bürcünə keçidi simvolik olaraq yeni başlanğıcların, kəşflərin və fərdi təşəbbüslərin ön plana çıxmasını ifadə edir. Tarixi baxımdan bu keçid dövrlərində ilk yanğınsöndürənlərin və termometrlərin ixtira olunması da həmin enerjinin insan fəaliyyətinə təsirinin göstəricisi kimi şərh olunur. Bu səbəbdən Neptunun qoç bürcündəki hərəkəti zamanı insanlığın daha əvvəl fərqində olmadığı ideyaların, texnologiyaların və anlayışların ortaya çıxması ehtimal edilir. Xüsusilə intuitiv, yaradıcı və elmlə bağlı sahələrdə mühüm yeniliklər gözlənilə bilər.
Yəni bu keçid həm fərdi, həm də kollektiv şüurun genişlənməsi baxımından olduqca əhəmiyyətli hesab olunur”.
Zəri Bayramlı
