21 Noyabr-Ümumdünya Televiziya Günü
21 noyabr dünyada informasiya, mədəniyyət və ictimai rəyin formalaşmasında xüsusi rolu olan televiziya vasitəsinin əhəmiyyətini vurğulamaq üçün Ümumdünya Televiziya Günü kimi qeyd olunur. BMT-nin təsis etdiyi bu gün televiziya kanallarının xəbərlərin operativ çatdırılması, cəmiyyətin maarifləndirilməsi və insanlar arasında əlaqənin gücləndirilməsi prosesində oynadığı rolu yada salır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Filologiya elmləri doktoru, BDU-nun professoru, Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli bildirib ki, bu gün televiziya hələlik cəmiyyətə təsir gücünü müəyyən qədər saxlayır:
“Bu da birinci növbədə televiziyanın təbiəti ilə bağlıdır. Yəni televiziya insanların, həm ağlına, şüuruna, həm də hisslərinə emosiyalarına təsir edə bilir. Xüsusən fikir, ictimai rəy yaratmaq, hadisələri canlı şəkildə çatdırmaq, inkişaf edən keyfiyyətli televiziyalarda xəbər işi, analitik müzakirələr aparmaq cəmiyyətdə ciddi təsir oyadır. İndi sosial şəbəkələrin mövcudluğu televiziya üçün mürəkkəb, çətin, rəqabət mühiti yaratsa da, televiziya hələlik öz cazibəsini saxlayıb və buna görə də televiziya bu və ya başqa formada cəmiyyətə təsir edə bilir, insanları yönəldə bilir, ictimai fikir yarada bilir. Biz durub desək ki, 10 il, 15 il bundan əvvəlki kimi televiziyaya böyük maraq var, təbii ki, yanılarıq. Çünki televiziya əvvəlki cazibəsini saxlamaq uğrunda çox ciddi savaş aparır. Amma sosial şəbəkələrin, yeni medianın verdiyi üstünlükdən faydalanan internetin media profilləri özünə xeyli auditoriya cəlb edir və bu auditoriyanın böyük əksəriyyəti vaxtilə televiziyanın aludəçisi və tamaşaçısı olan auditoriyada insanlardır. Əvvəlki illərlə müqayisədə televiziyadan gözləntilər də, maraq da qismən azalıb və bu azalma birinci növbədə tamaşaçı psixologiyasını, informasiyanın çatdırılma üsullarını dəyişib, informasiyanın əlçatanlığı ilə bağlı çox böyük məsafələr qət olunub. Digər tərəfdən isə televiziyadan fərqli olaraq sosial şəbəkələrdə, yeni mediada interaktivliyin artması həmin şəbəkənin xeyli cazibədar edib. Ona görə də biz bu gün televiziyanın cəmiyyətə təsiri ilə əvvəlki illəri müqayisə edə bilmərik. Mənə elə gəlir ki, indiki nəsil televiziya nəsli deyil. Yəni bunlar daha çox yeni medianın məhsulu olan və onu özünə yol seçmiş gənclikdir. Amma bu o demək deyil ki, o, gənclər televiziya üçün itirilmiş auditoriya kütləsidir. Məsələn, televiziyaların bir çoxunda gənclərə yönəlik xüsusi verilişlər, həm ictimai müzakirələr, həm əyləncə proqramları, həm maarifçi proqramlar və s. Gənclərə yönəlik addımlar atılanda gənclərdə bu və ya başqa formada televiziyaya maraq oyada bilirlər. Ona görə də auditoriya uğrunda mübarizə aparmaq televiziyanın bir nömrəli vəzifələrindən sayılmalıdır. Bu problem həm Avropada, həm də bizdə eyni dərəcədə aktualdır”.
Banuçiçək Məmmədova
