24 sentyabr
Beynəlxalq Dənizçilik Günü Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sistemində Beynəlxalq Dəniz Təşkilatının (IMO) təşəbbüsü ilə qeyd olunur. Onun qeyd edilməsi haqqında qərar IMO-ya üzv dövlətlər tərəfindən 2010-cu ildə Manilada (Filippin) keçirilən konfransda qəbul edilib. Bütün dənizçilik peşələrinin nümayəndələri üçün xüsusi günün təsis edilməsi onların beynəlxalq ticarətin, dünya iqtisadiyyatının və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına əvəzsiz töhfələrinə görə zəruri hesab edilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında dənizçi Ramal Həsənov bildirib ki, dənizçilik dünya iqtisadiyyatında ən əhəmiyyətli və yüksək məsuliyyət tələb edən sahələrdən biridir:
"Beynəlxalq Dənizçilik Günü - dənizçiliyin dünya iqtisadiyyatında böyük rolu olduğu üçün və bu rolu vurğulamaq məqsədilə qeyd olunur. Eyni zamada ekoloji təhlükəsizlik üçün ,dayanıqlı inkişaf məsələlərində diqqət çəkmək və dənizçilərin əməyinin qiymətləndirilməsi, önə çıxarılması üçün bu günün qeyd olunması zəruri sayılır. Dünya ticarətinin 80-90 faizi dəniz yolu ilə həyata keçirilir. Dənizçiliyin balıqçılıq,neft və qaz,turizm kimi bir sıra sahələri vardır. Ağır texnika və maşınlar ,ərzaqlar dəniz yolu ilə daşınır ki, bu da ölkənin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir".
Həmçinin Ramal Həsənov bildirib ki, gənclərin dənizçilik və dənizin qorunması işinə cəlb olunması vacibdir:
"Hazırda dənizçilik peşəsində gənc və savadlı mütəxəssislərə geniş ehtiyac duyulur. Bu sahədə işləmək olduqca məsuliyyətli işdir və bir çox üstünlükləri vardır. Məsələn, dənizçilik peşəsində işləyən bir gənc çox zaman dünyanın digər ölkələri ilə əlaqədə ola bilir ki, bu da onun dünya görüşünü artırır, yeni ölkələrlə tanış olur, yeni mühitlərlə qarşılaşır".
Aysun Vəliyeva
