00:00:00
Yazar
Elmira Ağayeva
16.09.2026 20:12 106 4 dəq oxuma
Maraqlı

25 “Emmy” nominasiyalı “The Pitt” serialı 

25 “Emmy” nominasiyalı “The Pitt” serialı

“The Pitt” serialı 25 “Emmy” nominasiyası alıb – ən böyük pərəstişkarları isə real həkimlərdir.

Sıxlıq olan gözləmə otağı, dəhlizlərdəki xərəklər, gərgin həkim və tibb bacıları… İlk baxışdan bu mənzərə adi təcili yardım şöbəsini xatırladır. Lakin söhbət Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) deyil, “The Pitt” serialının çəkiliş meydançasından gedir.

Serialda təcili yardım şöbəsində baş verən hadisələr aktyorlar tərəfindən canlandırılır. “The Pitt”in ən böyük pərəstişkarları arasında isə real həyatda çalışan həkimlər də var.

Amerika Təcili Tibbi Yardım Həkimləri Kollecinin prezidenti doktor Toni Çirillo bildirib ki, serial həkimlərin gündəlik qarşılaşdığı çətinlikləri real şəkildə göstərir.

“Biz nəhayət ki, hər gün yaşadığımız bütün çətinliklərin təsdiqini görürük”, - deyə o qeyd edib.

Bazar ertəsi “The Pitt” bu ilin “Emmy” mükafatlarında ən çox mükafat qazanan seriallardan birinə çevrilə bilər. ABŞ-ın ən nüfuzlu televiziya mükafatlarından biri olan “Emmy”də serial 25 nominasiya üzrə namizəd göstərilib.

Həkimlər və digər tibb işçiləri serialı indiyədək çəkilmiş ən real tibbi dram nümunələrindən biri hesab edirlər. Serial ABŞ-ın Pitsburq şəhərindəki Travma Tibb Mərkəzinin əməkdaşlarının iş və həyatından bəhs edir. Hər bölüm bir iş saatını əks etdirir və hər mövsümdə 15 bölüm yer alır.

Bölümlər boyunca təcili yardım şöbəsindəki səs-küy, yüksək iş tempi və daim artan tələblər əsas xətt kimi davam edir. Həkim və tibb bacılarının demək olar ki, fasiləsiz işlədiyi göstərilir. Mürəkkəb tibbi prosedurlar və həyati əhəmiyyət daşıyan müdaxilələr də serialda geniş şəkildə təqdim olunur.

Serialın əsas qəhrəmanı doktor Maykl Robinaviç – “Doktor Robbi” kimi tanınan – təcili tibbi yardım sahəsində böyük təcrübəyə malik həkimdir. Obrazı “ER” tibbi dramında da rol almış aktyor Noa Uayl canlandırır.

Uayl eyni zamanda serialın icraçı prodüserlərindən biridir və ssenari müəllifləri arasında peşəkar həkimlər də yer alır.

“The Pitt” həkimlərdə təsdiq hissi yaradır

Noa Uayl 6 mindən çox təcili tibbi yardım mütəxəssisinin iştirak etdiyi nüfuzlu konfransda keçirilən müzakirəyə dəvət olunub.

Doktor Toni Çirillonun sözlərinə görə, insanlar aktyora yaxınlaşaraq onun fəaliyyətinə görə təşəkkür ediblər.

“Bu, sadəcə yaxşı televiziya serialı deyil. Mənim istifadə etdiyim ifadə ‘təsdiq’dir”, - deyə o bildirib.

Serialda müxtəlif sosial və etik problemlərə də toxunulur. Məsələn, xəstə anasına qulluq edən və vəziyyətdən çıxılmaz vəziyyətə düşən qız onu təcili yardım şöbəsində qoyub gedir və daha sonra tapılmır.

Həmçinin övladının yaşaması üçün ümidsiz şəkildə mübarizə aparan valideynlərlə həkimlər arasında emosional söhbətlər göstərilir. Həkimlər isə uzun və ağır növbələrdən sonra belə xəstələrə yardım göstərməyə davam edirlər.

Şotlandiya Kral Təcili Tibbi Yardım Kollecinin vitse-prezidenti doktor Fiona Hunter də serialın izləyicilərindəndir.

O bildirib ki, ağır növbədən dərhal sonra seriala baxmazdı. Lakin növbələr arasında istirahət zamanı “The Pitt” ona tanış və real gəlir.

Serialda səhiyyə sahəsindəki bərabərsizliklərə də diqqət çəkilir. ABŞ səhiyyə sistemində bəzi xəstələrin tibbi xərcləri ödəməkdə çətinlik çəkməsi göstərilir.

Uzun gözləmə müddətləri və xəstələrin narazılığı isə Böyük Britaniyanın NHS sistemində müşahidə olunan problemlərlə də oxşarlıq təşkil edir.

Şimali Uelsdə çalışan həkim Rob Perri də serialın pərəstişkarıdır. Onun sözlərinə görə, həkim və tibb bacılarının öz işlərinə bənzər fəaliyyət göstərdiyini görmək müəyyən mənada rahatlıq yaradır.

“Dünyanın hər yerində rast gəlinən problemdir”

Həkimlər serialın reallığa yaxın olmasına baxmayaraq, hər bölümün bir neçə təcili travma hadisəsini bir araya gətirdiyini qeyd edirlər. Real həyatda isə bu cür hadisələr bəzən 24 saatdan daha uzun müddət ərzində baş verə bilər.

Təcili tibbi yardım üzrə çalışan professor Damian Roland isə serialın səhiyyə sahəsindəki daha geniş problemləri də əks etdirdiyini düşünür.

Onun sözlərinə görə, hazırda dünyanın demək olar ki, bütün təcili yardım şöbələrində xəstələrə xidmət göstərmək üçün kifayət qədər yer yoxdur.

Serialda baş qəhrəmanın xəstəxana rəhbərliyi ilə xəstələrin şöbədə uzun müddət saxlanılması və əlavə imkanlara ehtiyac barədə mübahisə etməsi də real həyatda geniş yayılmış problemdir.

Serialın tibbi məsləhətçisi və NHS-də baş tibb bacısı kimi çalışan Sara Toş bildirib ki, onun işlədiyi sistemdə əməkdaşlar bir-birinə dəstək olurlar və serialda da bu münasibətin göstərilməsi xoşuna gəlir.

Aktyorlar tibbi təlim keçiblər

“The Pitt” serialının aktyorlarından biri olan Gerran Hovell Cənubi Uelsdə doğulub və böyüyüb.

Digər aktyorlarla birlikdə o, tibbi prosedurları və terminləri qısa müddətdə öyrənmək üçün xüsusi tibbi təlim proqramından keçib. Təlim zamanı manekenlər üzərində praktiki məşqlər aparılıb və ürək-ağciyər reanimasiyası üzrə təcrübə keçirilib.

BBC Wales-ə müsahibəsində aktyordan gələcəkdə həkim olmaq üçün təhsil almaq istəyib-istəmədiyi soruşulub.

Hovell isə serialın onun tibb işçilərinə olan hörmətini daha da artırdığını bildirib və bu peşənin nə qədər çətin olduğunu daha yaxşı anladığını deyib.

O, aktyorluq fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Nurgün Qənizadə

#Thepitt #emmy #film
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər