25 sentyabr
Beynəlxalq Əczaçılar Günü 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyasının (FIP) hər il İstanbulda keçirdiyi Konqresdə təsis edilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekspert İlkin Məmmədkərimov bildirib ki, əczaçıların səhiyyə sistemində çox vacib rolu var :
"Günümüzdəki əczaçıların əslində, əlbəttə ki, səhiyyə sistemindəki rolu ondan ibarətdir ki, əczaçılar dərmanların istifadəsi barədə düzgün məlumat verirlər. Məsələn, həkim resept yazır - həmin dərmanların keyfiyyəti, tərkibi və eyni zamanda istifadə qaydası haqqında doğru məlumat verilməsində mühüm rol oynayırlar. Bəzi hallarda həkim xəstənin müalicəsi üçün yazdığı dərmanlardan hər hansı biri olmadıqda əczaçı həmin dərmanı başqa bir dərmanla əvəz edir ,amma bu yolverilməzdir. Yəni əczaçının həkim tövsiyəsi olmadan bir dərmanı başqa bir dərmanla əvəz tməsi düzgün deyil. Mütləq şəkildə həkimlə məsləhətləmək lazımdır. Ümumiyyətlə əczaçıların rolu dərmanların qəbulu ilə bağlı məsələlərdə bir növ vasitəçi olmaqdır yəni, həkimlə pasiyent arasında bir körpü rolunu oynayırlar".
Həmçinin İlkin Məmmədkərimov bildirib ki, əczaçılıq peşəsinin ən böyük məsuliyyəti - dərmanların istifadə qaydaları və tərkibi haqqında vətəndaşlara düzgün və dəqiq məlumat verməkdir:
"Əgər əczaçı tərəfindən yanlış preparat tövsiyə olunarsa və bu, vətəndaşların səhhətində problemlərə səbəb olarsa, həmin məsuliyyət birbaşa əczaçının və aptekin üzərinə düşür. Eyni zamanda əczaçı reseptsiz verilən dərmanlarla bağlı ehtiyyatlı olmalı, pasiyentin şikayətlərini dinləyərək müvafiq məsləhətlər verməlidir. Əczaçılıq peşəsinin gənclər üçün nə qədər vacib və perspektivli olduğu təbliğ olunmalıdır. Bu peşənin əhaliyə faydası və ictimai əhəmiyyəti barədə düzgün informasiya verilməlidir. Hazırda apteklərdə yeni işçilərin sayını artması və sahəyə olan marağın yüksəlməsi müşahidə olunur. Əczaçılıq sahəsinə olan marağın artması bu istiqamətdə müsbət göstərici və sevindirici haldır".
Aysun Vəliyeva
