28 May - Müstəqillik Günü qeyd olunur
Bu gün Azərbaycanda 28 May - Müstəqillik Günü qeyd olunur. 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tarixində mühüm iz qoyub, milli müstəqillik ideyasının formalaşmasına böyük töhfə verib.
Müstəqillik Bəyannaməsinin qəbul edilməsi ilə Azərbaycan xalqı öz suveren hüquqlarını dünyaya bəyan edib. Həmin dövrdə dövlət atributları təsis olunub, parlament yaradılıb, təhsil və ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki,1918-ci ildə Azərbaycan xalqının, əcdadlarımızın Azərbaycan Xalq Cümhuriyyətini yaratması 5 min illik dövlətçilik tariximizdə tamamilə yeni bir mərhələ idi:
"Çünki 20-ci əsrin əvvəlləri artıq müxtəlif tipli dövlətlər öz yerini respublika tipli, cümhuriyyət tipli dövlətlərə verməkdə idi. 1-ci Dünya müharibəsi başa çatmışdı, iperiyalar dağılmışdı. Beynəlxalq münasibətlər sistemində tarixdə ilk dəfə olaraq milli aktorlar qismində milli dövlətlər yaradılırdı. Azərbaycan xalqının məhz dövlətçilik ənənəsindən, dövlətçilik şüurundan bəslənməsi 1918-ci ildə onun yenidən təşkilatlanaraq Azərbaycan Xalq Cümhuriyyətini yaratmasına gətirib çıxardıb və biz bir daha bütün dünyaya göstərən olduq ki, Azərbaycan xalqı dövlət qurmaq istedadına malikdir və biz həmişə beynəlxalq münasibətlərin mühüm aktorlarından biri olaraq öz tarixi missiyamızı 20-ci əsr əvvəllərində də davam etdirmək əzmindəyik".
Deputatın fikrincə, Azərbaycan Xalq Cümhuriyyətini yaradan əcdadlarımız, Məmməd Əmin Rəsulzadələr, Topçu Başovlar, Əlibəy Hüseynzadələr, Yusif vəzir Çəmənzəminlər, adını çəkmədiyimiz digər qurucu əcdadlarımız həm də Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərini yaradıblar:
"Onun siyasi sistemini formalaşdırıblar, onun parlamentini formalaşdırıblar. Və cəmisi 23 ay ərzində çox böyük dəyərləri və dövlətçilik şüurunu bizə miras qoyub gediblər. Ona görə də, sovet dövrü işğalından sonra biz 1991-ci ildə yenidən müstəqilliyimizi bəyan edərkən istiqlal bəyannamizdə məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmağımız məsələsini bəyannamədə qeyd etdik və 1995-ci ildən sonra isə, Böyük Dövlət Xadimi Ulu Öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasında bu bəyannamənin hüquqi siyasi əsaslarını yaradaraq, müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi hüquqi kontekstdə, siyasi kontekstdə təsbit edən olub. Əlbəttə ki, biz Azərbaycan prezidentinin təşəbbüsü ilə müstəqillik günümüzü 1991-ci il 18 oktyabrda, 1918-ci il 28 may respublikası tarixinə dəyişərkən də məhz birbaşa şaquli kontekstdə dövlətçiliyimizin mənbəyindən başlayan, yəni müasir tipli, cümhuriyyət tipli dövlətçiliyimizdən başlayan müstəqillik gününə qayıtmış olduq ki, bu da olduqca mühüm bir tarixi hadisə idi".
Müsahib həmçinin qeyd edib ki, "nəticə etibarilə, bu gün müstəqillik günümüzün Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü ilə başlaması və bunun bayram kimi qeyd edilməsi də bu varisliyə sahib çıxmaqdır. Əlbəttə ki, müstəqillik dəyərlərinin, cümhuriyyət dəyərlərinin, qalibiyyət dəyərlərinin, ərazi bütövlüyünü bərpa edən, zəfər çalan dövlətçilik dəyərlərinin gənc nəsilə ötürülməsi bu gün vacib və strateji bir vəzifədir. Çünki necə ki, bu günə qədər gələn dövlətçiliyimizi yaşadan nəsillər məhz özlərindən əvvəlki dövlətçilik ənənələrinin, dəyərlərinin daşıyıcısı olaraq bunu edə biliblər. Bizdən sonra gələn gənc nəsil də məhz, bizdən öyrənməlidir bu dəyərləri, onlara sahib çıxmaq qətiyyətini, bacarığını, bu dəyərlər uğrunda canını fəda etmək fədakarlığını da. Buna görə də, mən düşünürəm ki, Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülür. Təhsildən tutmuş, ictimai institutlara qədər, siyasi partiyalardan tutmuş, dövlətimizin digər qeyri-hökumət təşkilatı institutlarına qədər hər bir yerdə Cümhuriyyət dəyərləri, müstəqillik dəyərləri, qalibiyyət və zəfər dəyərləri gənc nəsilə ötürülməkdədir ki, bu da əlbəttə ki, dövlətimizin əbədi olması, bizdən sonra gələn nəsillərin də müstəqil dövlətin vətəndaşı kimi yaşamasını təmin edəcəkdir. Ona görə də, 28 maydan başlayan bu yol, 28 may daima yaddaşlarımızda canlı tutulmalı və bu mirasa sahib çıxaraq onu daha da inkişaf etdirməyi biz bacarmalıyıq".
Aişə Mustafayeva