29 sentyabr
Hər il sentyabrın 29-da qeyd olunan Ümumdünya Turizm Günü turizmin sosial, mədəni və iqtisadi əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Bu gün dünyada insanların müxtəlif mədəniyyətləri tanımaq, ölkələr arasında dialoq qurmaq və sülhə töhfə vermək baxımından turizmin oynadığı rolu ön plana çıxarır.
Mövzu ilə bağlı "informator.az" a açıqlamasında Turizm üzrə ekspert Quliyev Rəhman bildirib ki, bu günün məqsədi turizmin iqtisadi, sosial və mədəni əhəmiyyətini vurğulamaq, insanların müxtəlif mədəniyyətlərə və ölkələrə olan marağını artırmaqdır:
"Yeni otellər, kurortlar, turizm marşrutları yaradılıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin turizmə açılması, vizasız rejimlərin genişlənməsi və beynəlxalq tədbirlərin təşkili (Formula 1, beynəlxalq forumlar) ölkəyə marağı artırıb. Xidmət keyfiyyəti artırılmalı ,qiymət siyasəti daha balanslı olmalı ,elektron viza prosesi daha da sadələşdirilməli, təmiz, təhlükəsiz və multikultural mühit qorunmalıdır. Rəqəmsal tanıtım və sosial media imkanları genişləndirilməlidir. Yerli əhalinin qonaqpərvərliyi və pozitiv münasibəti turistin ölkə haqqında təəssüratını formalaşdırır. Mülayim, yardımsevər münasibət turizmin davamlı inkişafına böyük təsir göstərir".
Həmçinin Rəhman Quliyev qeyd edib ki, Turizm insanların fərqli mədəniyyətləri tanıması, qarşılıqlı anlayışın güclənməsi üçün vacib vasitədir:
"Bu, həm də sülh və əməkdaşlığa töhfə verir. Bir bölgəyə və ya ölkəyə gələn turist mədəniyyətə, tarixə və dəyərlərə hörmət göstərdikcə, qarşı tərəfdə də pozitiv münasibət yaranır. Bu qarşılıqlı hörmət zamanla xalq diplomatiyasına çevrilə bilər və sülhə, əməkdaşlığa real töhfə verir. Turizm həm də mədəni irsin və tarixə aid obyektlərin qorunması üçün motivasiya yaradır. Xarici turistin maraq göstərdiyi abidə, sənət və adət-ənənə yerli əhali tərəfindən yenidən qiymətləndirilir və qorunur. Turizm yalnız iqtisadi fayda gətirən sahə deyil, o həm də cəmiyyətlərarası körpü rolunu oynayan unikal vasitədir. İnsanlar bir-birini tanıdıqca daha az münasibet , daha çox anlayış və əməkdaşlıq mühiti yaranır. Mədəniyyətlərarası dialoq və qlobal həmrəylik baxımından turizmin rolu danılmazdır".

Aysun Vəliyeva
