29 sentyabr
"İnformator.az" xəbər verir ki, hər il 29 sentyabr dünyada Ümumdünya Ürək Günü kimi qeyd olunur. Bu günün məqsədi təkcə ürək xəstəliklərinə diqqət çəkmək deyil, həm də insanlara həyat tərzlərinin öz sağlamlıqlarına birbaşa təsir etdiyini xatırlatmaqdır. Çünki ürəyimiz sadəcə bədənimizin mühərriki deyil-o, duyğularımızın, sevgimizin və yaşamaq arzumuzun da mərkəzidir.
Ürək xəstəlikləri bu gün dünyada ölüm səbəblərinin ən başında dayanır. Amma bu reallıq dəyişilə bilər. Sağlam qidalanma, fiziki aktivlik, siqaretdən uzaq durmaq və stressi idarə etmək kimi sadə addımlar həyatla ölüm arasındakı fərqi yarada bilir. Təəssüf ki, bir çox insan ancaq xəstələndikdən sonra bu həqiqəti anlayır. Halbuki hər gün bir az diqqət, bir az qayğı ilə ürəyimizi qorumaq mümkündür. Ürəyin səsi bəzən sakit, bəzən güclü çırpınar. O, bizə hər an “yaşayırsan” deyə xatırladır. Ona görə də bu gün bir anlıq dayanmaq, dərin nəfəs almaq və ürəyimizə qulaq asmaq lazımdır. Bəlkə də ən vacib mesaj elə budur- yaşamaq üçün ürəyini sev, sevmək üçün ürəyini qoru.
Ümumdünya Ürək Günü əslində sadəcə bir tarix deyil, bir xəbərdarlıqdır:
Həyat sürətli, stressli və bəzən yorucu ola bilər, amma biz ürəyimizə qarşı məsuliyyət daşıyırıq. Onu qorumaq- özümüzü, sevdiklərimizi və gələcəyimizi qorumaq deməkdir.
Banuçiçək Məmmədova
