3 ildir Sakit okean adasında qalan qadın: evə qayıtmaq üçün qandallanmağa belə razıdır
Şri-Lanka vətəndaşı olan 50 yaşlı Ruchira Ranasingha artıq üç ildir Kuk adalarında çıxılmaz vəziyyətdə qalıb. Ölkəsinə qayıtmaq istəyən qadın heç bir ölkədən tranzit vizası ala bilmədiyi üçün adanı tərk edə bilmir.
Ranasingha 2022-ci ildə Yeni Zelandiyaya gedərək sığınacaq üçün müraciət edib. Daha sonra immiqrasiya məsləhətçisinin tövsiyəsi ilə iş vizası almaq məqsədilə ölkəni müvəqqəti tərk edib. Lakin onun iş vizası ilə bağlı müraciəti rədd olunub. Əvvəlki vizasının şərtlərini pozduğu üçün Yeni Zelandiyaya qayıtmaq imkanı da məhdudlaşıb.
Qadın Yeni Zelandiyadan tranzit vizası almaq üçün üç, Avstraliyadan viza almaq üçün isə dörd dəfə müraciət etsə də, bütün cəhdləri uğursuz olub. Havay və Taiti üzərindən ölkəsinə qayıtmaq cəhdləri də biometrik məlumatların təqdim edilməsi tələbinə görə nəticəsiz qalıb.
Ranasingha vətəninə dönmək üçün hətta qandallanmağa və mühafizəçilərin müşayiəti ilə aparılmağa belə razı olduğunu bildirib. Onun ən böyük arzusu noyabr ayında evlənəcək oğlunun toyunda iştirak etməkdir.
Hazırda qaldığı otel ona ödənişsiz sığınacaq verir. Yerli sakinlər isə qadını ərzaq və geyimlə təmin edərək ona dəstək göstərirlər. Şri-Lanka Xarici İşlər Nazirliyi də vətəndaşının ölkəyə qayıtmasını təmin etmək məqsədilə müvafiq qurumlarla danışıqlar apardığını açıqlayıb.
Ranasinghanın qardaşı bacısının psixoloji vəziyyətinin getdikcə pisləşdiyini bildirərək onun həyatı üçün narahatlıq keçirdiyini deyib.
Gülnar Mustafayeva