Dünyanın ən uzun yük qatarı sınaqdan keçirilib
Cənubi Afrika Respublikasında uzunluğu 7,6 kilometr olan yük qatarı sınaqdan keçirilib. 696 boş vaqondan ibarət nəhəng qatar ölkənin qərb sahilindəki limanla daxili ərazidə yerləşən dəmir filizi mədəni arasında 860 kilometr məsafə qət edib.
Dövlətə məxsus logistika şirkəti “Transnet”in məlumatına görə, qatarın hərəkəti elektrik və dizel lokomotivləri vasitəsilə təmin olunub. Şirkət sınağın uğurla başa çatdığını və yeni dünya rekordunun qeydə alındığını açıqlayıb.
Beləliklə, 7,6 kilometr uzunluğundakı qatar 2001-ci ildə Qərbi Avstraliyada sınaqdan keçirilmiş 7,2 kilometrlik yük qatarının rekordunu geridə qoyub.
“Transnet” bu sınağı ölkənin yükdaşıma şəbəkəsinin inkişafı baxımından mühüm nailiyyət kimi qiymətləndirib. Cənubi Afrika Respublikası xam mineralların ixracında dəmir yolu nəqliyyatından geniş istifadə edir.
Bununla belə, sahə üzrə müşahidəçilər yeni dünya rekordu ilə bağlı məlumatın hələlik yalnız şirkətin açıqlamasına əsaslandığını və müstəqil təsdiqə ehtiyac olduğunu bildirirlər.
News in Levels
Aysun Xəlilova