00:00:00
Yazar
Zəri Bayramlı
21.05.2026 22:27 20 2 dəq oxuma
Araşdırma

"3 saat ərzində cərimə ödəyin" tələbi: Kiberdələduzları hansı cəzalar gözləyir?

"3 saat ərzində cərimə ödəyin" tələbi: Kiberdələduzları hansı cəzalar gözləyir?

Son zamanlat polis əməkdaşlarının adından göndərilən “3 saat ərzində cərimənizi ödəyin” məzmunlu saxta mesajlar kiberdələduzluğun yeni formalarından biri kimi narahatlıq doğurur. Bu üsulla vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirməyə cəhd edilir. 

 

Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, dövlət qurumlarının adından saxta SMS-lər göndərməklə insanların bank kartı və şəxsiyyət məlumatlarını ələ keçirməyə çalışan şəxslərin əməlləri Azərbaycan qanunvericiliyində bir neçə maddə üzrə cinayət məsuliyyəti nəzərdə tutur:

 

“Polis və ya digər dövlət qurumlarının adından “3 saat ərzində cəriməni ödəyin” kimi saxta sms və ya mesajlar göndərərək insanların bank kartı, şəxsiyyət və digər məlumatlarını ələ keçirməyə çalışan şəxslərin əməlləri Azərbaycan qanunvericiliyində bir neçə cinayət tərkibi yarada bilər. Belə hallarda əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi - dələduzluq, 271-ci maddəsi - kompüter sistemlərinə qanunsuz daxilolma, 272-ci maddə - kompüter məlumatlarını qanunsuz ələ keçirmə, 273 və 273-1-ci maddələr - kibercinayət və informasiya sistemlərindən qanunsuz istifadə və “Fərdi məlumatlar haqqında” qanunun pozulması ilə bağlı məsuliyyət yaranır”. 

 

Elnur Məmmədovun sözlərinə görə, bu növ cinayətkar şəbəkələrin çox vaxt ölkə hüdudlarından kənardan idarə olunması həmin şəxslərin məsuliyyətdən yayınacağı mənasına gəlmir:

 

 

“Əgər bu əməllər nəticəsində vətəndaşların hesablarından pul oğurlanırsa, böyük məbləğdə ziyan vurulursa və ya mütəşəkkil qrup  həyata keçirirsə, cəza daha da ağırlaşır. Təcrübədə belə şəxslər barəsində iri məbləğdə cərimə, azadlığın məhdudlaşdırılması, bir neçə il müddətinə azadlıqdan məhrumetmə cəzaları tətbiq oluna bilər. Azərbaycanda dövlət informasiya sistemlərinə müdaxilə və fərdi məlumatların qanunsuz satışı ilə bağlı artıq cinayət işləri və məhkəmə təcrübəsi mövcuddur. Belə fəaliyyətin xaricdən idarə olunması həmin şəxsləri 100 faizlik məsuliyyətə cəlb olunmaması anlamına gələ bilməz. Əgər bu hallar Azərbaycan vətəndaşlarına qarşı törədilibsə, zərər Azərbaycanda yaranıbsa və yaxud da istifadə olunan sistemlər Azərbaycana aid olubsa, Azərbaycan hüquq-mühafizə orqanları beynəlxalq hüquqi yardım mexanizmləri, interpol kanalları, digər dövlətlərlə əməkdaşlıq və beynəlxalq konvensiyalar vasitəsilə həmin şəxslərin müəyyən edilməsinə və məsuliyyətə cəlb olunmasına çalışa bilər. Azərbaycan həmçinin “Kibercinayətkarlıq haqqında” Konvensiyaya qoşulub ki, bu da xaricdən idarə olunan qanunsuz hərəkətlərin qarşısının alınması və həmin əməlləri törədən şəxslərin müəyyən edilərək cəlb olunmasına imkan verir”.

 

 

Zəri Bayramlı

#saat #hansı #tələbi: #gözləyir? #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər