00:00:00
Yazar
Admin User
31.12.2025 10:48 103 2 dəq oxuma
Mədəniyyət

31 dekabr- Xalqımızın birlik günü

31 dekabr- Xalqımızın birlik günü

31 dekabr ölkəmizdə uzun illərdir bayram kimi qeyd olunur. Amma çox vaxt bu günün nə üçün yarandığını yox, sadəcə təqvimdə harada durduğunu xatırlayırıq. Əksəriyyət üçün bu gün sadəcə ilin sonudur. İnsanların yadına düşür ki, həmrəylik günüdür. Amma sual yarananda ki, “Niyə məhz bu gün?”, cavablar səthi qalır. Halbuki bu tarix təsadüfi seçilməyib. Bu gün xalqın özünün yaratdığı nadir tarixlərdəndir.

 

1989-cu ilin son günlərində Naxçıvanda baş verənlər adi hadisə deyildi. Şimali və Cənubi Azərbaycan arasında illərlə mövcud olan sərhəd ilk dəfə kütləvi şəkildə etiraz obyektinə çevrildi. İnsanları ora çıxaran siyasi proqram yox idi. Onları hərəkətə gətirən səbəb daha sadə, daha ağrılı idi- illərlə ayrı düşmüş qohumluq bağları.

 

Sərhəd dirəklərinin sökülməsi bir-birinə həsrət qalan insanların iradəsi idi. Arazın bu tayında və o tayında yaşayan insanlar ilk dəfə açıq şəkildə ünsiyyət qurmağa başladı. Qadağalar yumşaldı, sadələşdirilmiş keçidlər yarandı. Bu, sovet sistemi üçün qəbuledilməz idi.

 

Mərkəzi və yerli kommunist strukturlar, sərhəd qoşunları bu prosesi dayandırmaq üçün hərəkətə keçdi. Hadisələrə “təxribat”, “qanunsuzluq” damğası vuruldu. Sərhəd zonalarında fövqəladə vəziyyət yaradıldı, aksiyalarda iştirak edənlər təzyiqə məruz qaldı, bəziləri həbs olundu, bəziləri işindən çıxarıldı. Amma artıq proses başlamışdı və onu geri qaytarmaq mümkün deyildi.

 

Bu hərəkat təkcə Naxçıvanla məhdudlaşmadı. Azərbaycanın digər bölgələrinə, daha sonra ölkə xaricində yaşayan azərbaycanlılara yayıldı. Xaricdə yaşayan soydaşların bu hadisələri parçalanmış xalqın təbii birləşmə cəhdi kimi dəyərləndirməsi, sovet təbliğatının təsirini xeyli zəiflətdi.

 

Məhz bu proseslərin fonunda 31 dekabr yaddaşlara həkk olundu. 1990-cı ildən etibarən bu gün artıq qeyd edilməyə başlandı. Bir il sonra isə məsələ rəsmi müstəviyə keçdi. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin vacibliyini nəzərə alaraq 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bununla da xalqın yaddaşında yaşayan tarix rəsmi status qazandı.

 

Bu günə baxanda bir şeyi etiraf etmək lazımdır: 31 dekabr sadəcə tarixə yazılmaq üçün yaranmayıb, xatırlamaq üçün yaranıb. Bu tarix bizə onu xatırladır ki, bir vaxtlar insanlar qorxusuzluqla sərhədi sökdülər. Bu gün isə bizdən tələb olunan tək şey laqeyd qalmamaqdır.

 

Həmrəylik- harada yaşamasından asılı olmayaraq azərbaycanlının taleyinə biganə qalmamaqdır. Susmamaqdır. Unutmamaqdır. Birlik olmaqdır.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər