00:00:00
Yazar
Nigar Həsənzadə
08.11.2026 23:00 58 2 dəq oxuma
Köşə Özəl

"44 gündən" "44"-ə

"44 gündən" "44"-ə

Ötən günlərin birində təcrübədə olduğum media qurumu ilə birgə "44" filmini şəhid ailələri, qazilər və kursantlarla birlikdə izlədik. Film başlayanda himni kursantlar və hamımız canlı şəkildə oxuduq. İştirak etdiyim hər tədbirdə himn səslənsə də, ilk dəfə idi ki, heç bir çətinlik çəkmədən, hamının birlikdə və çaşmadan onu əzbər oxuduğunu görürdüm. Qürur hissi ilə yanaşı, təəccüb də keçirirdim, çox qəribə anlar idi.

 

Daha sonra diqqətimi çəkən ikinci maraqlı məqam arxada qazilərin, öndə isə kursantların əyləşməsi oldu. Bu o demək idi ki, biz həm öndən, həm də arxadan hələ də qorunuruq. Bizi gələcəkdə də qoruyanlar olub və olacaq.

 

Film başlayanda qəribə hisslər keçirdim. Xüsusilə də oradakı texniki qüvvələrin səsləri eşidilən an az qala qulaqlarımı tutmaq istədim. İndi bir düşünün, onlar o cür səsin tam içində 44 gün qalıblar! "Sağ qalan şəhidlər" deyirlər – əslində, həqiqətən də qazilər canlı şəhidlərdir. Cəmi bir saat o səsin içində (hələ ki bu, sadəcə film idi) az qala dəli olurdum. 44 gün həmin səslər, yanında başdan ayrılan bədən, cansız qol və s. – bunların mənəvi ruhu öldürməsindən daha real nə ola bilər ki?!

 

Ancaq o dəhşətli səslər sayəsində artıq Böyük Qayıdışdan sonra Şuşada, Füzulidə, Cəbrayılda və digər azad edilən torpaqlarımızda toy-büsat səsi gələcək, körpələr tank və güllə səsinə yox, azan səsinə oyanacaqlar. Bəlkə də əsl xoşbəxtlik budur.

 

Həm də hər kəsin bu həyatda bir başqası qarşısında öhdəliyi var; heç vaxt təkcə özümüz üçün yaşamırıq. Uşaq vaxtı valideynlər üçün, böyüyəndə övladlar üçün və s. O oğullar isə təkcə ana, ata, övlad üçün yox, Vətən, xalq üçün məsuliyyət hissi daşıyan qəhrəmanlardır. Onların bu həyatdakı missiyası gözəl gələcəyə, azad Azərbaycana töhfə verib əbədiyaşar olmaq idi.

 

Müəllif: Nigar Həsənzadə 

#azərbaycan #gündəm #"44 #gündən" #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər