00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
14.02.2026 18:05 88 3 dəq oxuma
Media

70 illik ekran salnaməsində bir imza-BİLLURƏ ASLANQIZI

70 illik ekran salnaməsində bir imza-BİLLURƏ ASLANQIZI

14 Fevral-Azərbaycan Televiziya Günü...Həm birinci, həm də bir inci dəyərində olmaq… Birinci olmaq liderlikdir. 70 illik dövrün bir incisi olmaq isə ayrı bir məsuliyyətdir. Bu məktəbdə yetişən nəsillər isə bu məsuliyyəti çiyinlərində daşıyan, ekrana təkcə xəbər yox, yeni dəyərlər gətirən insanlardır.

 


Televiziyaya töhfə verənlər arasında payı olanlardan biri də Azərbaycan Radiosunun direktoru Billurə Aslanqızıdır.O, “İnformator.az”a açıqlamasında bildirib ki,uşaqlıqdan sözə, auditoriyaya marağı var:

 

“Məktəb illərində tədbirlərin bir çoxunun ssenari müəllifi və aparıcısı olmuşam.Canlı ünsiyyət, fikir mübadiləsi, insanlarla məlumat və duyğuları paylaşmaq istəyi məni bu sahəyə gətirdi. Televiziya mənim sadəcə iş yerim olmayıb, elmi araşdırma mənbəyim, tələbələrlə bölüşdüyüm təcrübəm, pedaqoji fəaliyyətim, düşüncə və ifadə məkanımdır”.

 

Billurə Aslanqızı qeyd edib ki,televiziya əməkdaşının ən böyük fədakarlığı zamandır:

 

“Bayramı, istirahəti, şəxsi planları çox vaxt işə qurban verməli oluruq. Canlı efir məsuliyyəti isə ayrıca bir yükdür. Auditoriya qarşısında dürüst olmaq, informasiyanı dəqiqləşdirmək, daşıdığın məsuliyyəti dərk etmək böyük fədakarlıq tələb edir. Çünki televiziya təkcə görüntü deyil,eləcə də ,etimaddır”.


““Yaxşısı budur”, “Aynadakı mən” və digər proqramların aparıcısı olmusunuz. Bu layihələr arasında sizin üçün ən doğma və ən unudulmazı hansıdır?” sualına isə belə cavab verib:

 

“Hər layihənin öz yeri var. “Yaxşısı budur” daha çox sosial dinamika və ictimai düşüncə ilə bağlı layihə idi. “Aynadakı mən” isə insanın daxili dünyasına toxunurdu. Bu verilişdə titullar yox, insan danışırdı. Mən çalışırdım ki, qonaq özü ilə üz-üzə qalsın və tamaşaçı da onun həqiqi portretini görə bilsin.Bu, bir növ insanın özünə hesabatı idi. Mənim üçün bu proqram insanı və şəxsiyyəti açmaq məktəbi oldu”.

 

Billurə Aslanqızı təxminən yeddi il aparıcısı olduğu “Multikulturalizm” verlişindən də danışıb.O, fərqli dinlərin, mədəniyyətlərin, etnik kimliklərin bir arada, qarşılıqlı hörmət şəraitində yaşamasını göstərməyin böyük məsuliyyət olduğunu söyləyir:

 

“Mən bu layihədə yalnız aparıcı kimi yox, həm də bir vətəndaş kimi iştirak edirdim. Çünki multikulturalizm Azərbaycanda sadəcə ideya deyil, həyat tərzidir.  
Əslində, hər layihə mənim həyatımın bir mərhələsidir. Amma insanın daxili dünyasına toxunan layihələr mənə daha doğmadır. Çünki televiziya sadəcə texnika deyil, onun hər rakursdan təqdim etməyə çalışdığı insandır. Hər proqram mənə yeni bir həyat hekayəsi öyrədib”.

 

20-yə yaxın televiziya filminin müəllifi olan Aslanqızı özünü daha çox müəllifliyə yaxın hiss etdiyini söyləyib:

 

“Çünki fikir əvvəlcə kağızda formalaşır, sonra efirdə canlanır.Müəlliflik mənim düşüncə laboratoriyamdır, aparıcılıq isə onun canlı təqdimatıdır. Yazanda daha sakitəm və dərinə gedirəm, efirdə isə enerjimi bölüşürəm”.

 

Televiziyanın sürətli rəqəmsal transformasiya mərhələsində olduğunu söyləyən Billurə Aslanqızı tamaşaçının da alternativ platformalara malik olduğunu vurğulayır:

 

“Ona görə də,televiziya daha keyfiyyətli, daha analitik, daha dərin məzmun təqdim etməlidir. Mən sabahın televiziyasında daha çox intellektual proqramlar, sənədli layihələr və gənc peşəkarların cəsarətli yanaşmalarını görmək istərdim”.


 
Müsahibimiz son olaraq reytinqin keçici,etibarın isə qalıcı olduğunu söyləyərək media cameəsinə çağırışlarını da dilə gətirib:

 

“Media nümayəndələrinə demək istəyirəm ki, sözün məsuliyyətini heç vaxt unutmayaq. Peşəkarlıq, dürüstlük və milli dəyərlərə bağlılıq hər zaman ön planda olmalıdır. Televiziya cəmiyyətin güzgüsüdür.Gəlin, o güzgünü aydın saxlayaq”.

Səkinəbəyim Cəfərova

##xeber #televiziyagünü #gündəm #AzTV
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər