00:00:00
Yazar
Lalə Qafarova
06.04.2026 20:28 47 2 dəq oxuma
Sosial

9-cu sinif buraxılış imtahanı: Riyaziyyat sualları müzakirə mövzusu olub

 

9-cu sinif buraxılış imtahanı: Riyaziyyat sualları müzakirə mövzusu olub

Aprelin 5-də ölkə üzrə 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi mərkəzlərdə nəzarət və təhlükəsizlik qaydalarına uyğun təşkil olunub. Buraxılış imtahanının nəticələri şagirdlərin növbəti təhsil mərhələsinə keçidi baxımından mühüm əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı "İnformator.az" şagirdlərin və ekspertin fikirlərini öyrənib.

 

Nuray Bağırzadə imtahan suallarının çətinliyi ilə bağlı belə deyib:

 

"Bütün fənlərə eyni vaxt ayırmaq istəyirdim, amma Riyaziyyatın açıq tipli suallarında çox vaxt itirdim. Xüsusilə bu tip suallarda dəyişiklik olmasını istərdim. Ümumilikdə isə imtahan suallarının səviyyəsi mənim üçün orta idi".

 

Digər 9-cu sinif şagirdi Zeynəbxanım Əliyeva da Riyaziyyatın çətin olduğunu bildirib:

 

"Vaxt bölgüsü etmədim, imtahana daha yaxşı bildiyim fənlərdən başladım. Əvvəl ingilis dilinin qrammatika hissəsini, sonra Azərbaycan dilini yazdım. Azərbaycan dilini bitirdikdən sonra ingilis dili mətnlərinə keçdim. Riyaziyyatı isə sona saxlamışdım. Açığı, riyaziyyat mənim üçün çətin oldu və vaxt azlığından çox yaza bilmədim".

 

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, buraxılış imtahanlarının keçirilməsi olduqca vacibdir:

 

"Bu imtahanlar zamanı ən azı üç fənn üzrə şagirdlərin bilik və bacarıqları qiymətləndirilir. Eyni zamanda, buraxılış imtahanlarının nəticələri əsasında orta ixtisas təhsil müəssisələrinə qəbul aparılır. Bu baxımdan buraxılış imtahanlarının əhəmiyyəti yüksəkdir.

Buraxılış imtahanları kifayət qədər kütləvi xarakter daşıyır və təxminən 140-150 min şagird bu prosesdə iştirak edir. Hər istiqamət üzrə imtahanlar keçirildikdən sonra ümumi nəticələr təhlil olunur. Əgər riyaziyyat, Azərbaycan dili və ya xarici dil fənləri üzrə nəticələrdə müəyyən çətinliklər müşahidə edilərsə, bu, həmin fənlərin tədrisi, proqram məzmunu və ya infrastrukturla bağlı problemlərlə əlaqəli ola bilər.

Şagirdlərin ümumi nəticələri istiqamətlər üzrə analiz edilir və əldə olunan nəticələr əsasında müvafiq qərarlar verilir. Problem konkret bir fənlə bağlı olduqda isə müəllimlərin peşəkar inkişafı və təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Proqramla bağlı çətinliklər aşkar edildikdə isə imtahan sualları şagirdlərin imtahana qədər keçdikləri mövzulara uyğun şəkildə tərtib edilir".

 

Mələk Hüseynova

 

 

 

 

 

 

 

 

 

#yeni #sualları #9-cu #buraxılış
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər