AAYDA “Koroğlu” körpüsü ilə bağlı iddialara münasibət bildirib
Sosial şəbəkələrdə Bakı şəhəri Nizami rayonu ərazisində, “Koroğlu” nəqliyyat qovşağındakı körpülərdən birinin sürüclər üçün təhlükə yaratması ilə bağlı görüntülər paylaşılıb.
“İnformator.az” xəbər verir ki, videoya əsasən, körpünün bir hissəsinin qəzalı vəziyyətdə olduğu deyilir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, bu görüntüdə görünən hissə aşırım qurğusunun konsolunun dayaq üzərinə oturduğu zonada yerləşən deformasiya tikişidir (temperatur şovu).
“Həmin tikiş körpü konstruksiyasında temperatur dəyişiklikləri və digər istismar yükləri nəticəsində yaranan hərəkətlərin kompensasiya olunması üçün nəzərdə tutulmuş konstruktiv elementdir və texniki baxımdan normal hesab olunur. Yəni yayılan görüntü körpüdə hər hansı qəza vəziyyətinin və ya təhlükəli konstruktiv problemin göstəricisi deyil. Körpülərdə mütəmadi texniki baxış və monitorinqlər həyata keçirilir, onların istismar vəziyyəti aidiyyəti mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır.
Təəssüf ki, bəzən mühəndis və ya mütəxəssis rəyi alınmadan yayılan məlumatlar cəmiyyətdə əsassız narahatlıq və qorxu yaradır, texniki məsələlərin yanlış anlaşılmasına səbəb olur”, - deyə o əlavə edib.