Abidələr Azərbaycanı danışır
Azərbaycanın tarixi irsi minilliklər boyu qorunub saxlanmış abidələrdə öz əksini tapır. Qədim qalalar, məscidlər, karvansaraylar və digər memarlıq nümunələri ölkənin mədəni və tarixi zənginliyini göstərir.
Mövzu ilə bağlı sakin Arzu Talıblı “İnformator.az”a açıqlamasında bildirib ki, abidələr ona həm qürur, həm də tarixi səyahət hissi verir:
“Qədim qalaları, məscidləri və karvansarayları ziyarət edəndə keçmişə səyahət etdiyimi hiss edirəm. Hər daş və divar Azərbaycan tarixinin bir parçasını danışır. Bu yerlər mənim üçün yalnız gözəllik deyil, həm də milli kimliyimizin canlı simvoludur. Tarixi abidələrin qorunmasında vətəndaşların rolu da böyükdür. Abidələri ziyarət edərkən onları təmiz saxlamaq, vandalizmdən qorumaq vacibdir”.
Bakı sakini Murad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, abidələr ona həm öyrədici, həm də gələcəyə baxış qazandırır:
“Bu yerləri ziyarət edəndə tarixi hadisələri daha aydın başa düşürəm və Azərbaycanın keçmişini bugünkü inkişafımızla müqayisə etmək imkanım olur. Abidələr yalnız keçmişin izləri deyil, həm də gələcək üçün dərslər verir. Mən düşünürəm ki, məktəblərdə və universitetlərdə abidələr barədə interaktiv seminarlar, layihələr və ekskursiyalar təşkil edilməlidir. Sosial media vasitəsilə gəncləri tarixi irsə cəlb etmək də çox önəmlidir”.
Azərbaycanın qədim abidələri xalqın “daşlaşmış yaddaşı” və milli özünütəsdiq sənədidir. Tarixçi Zaur Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, abidələr gənc nəsildə milli kimliyin güclənməsində vacib rol oynayır:
“Bu abidələr bizə bu torpaqlarda minilliklər boyu formalaşan sivilizasiyanın varisi olduğumuzu xatırladır. Onlar gənc nəsildə ‘biz kimik?’ sualına dürüst və qürurlu cavab formalaşdırır. Milli kimliyin güclənməsində abidələr mənəvi dayaq rolunu oynayır. Ortaq memarlıq irsi və mədəniyyət nümunələri insanlarda birlik və həmrəylik hissini aşılayır. Hər bir qala və ya məbəd bizim bu coğrafiyaya olan tarixi bağlılığımızı sübut edərək, yad təsirlərə qarşı milli immunitetimizi artırır. Abidələrin qorunması üçün ilk növbədə, elmi əsaslı restavrasiya standartlarına ciddi əməl olunmalıdır ki, tarixi ruh və autentiklik itməsin. Turizm cəlbediciliyini artırmaq üçün rəqəmsal texnologiyalardan geniş istifadə edilməlidir. Məsələn, abidələrin ərazisində virtual reallıq guşələri yaradılmalı və məlumatlandırıcı QR kod sistemləri tətbiq olunmalıdır. Bundan əlavə, abidələrin ətrafında yerli sənətkarlığı və mətbəxi əks etdirən ‘canlı tarix’ mərkəzləri qurulmalı, nəqliyyat və infrastruktur əlçatanlığı təmin edilməlidir”.
Tarixçi gənclərin tarixi irsə marağının artırılması istiqamətində tövsiyələrini də açıqlayıb:
“Tarix dərsləri interaktiv formaya keçirilməli, ‘sinifdən abidəyə’ prinsipi ilə açıq səma altında dərslər təşkil olunmalıdır. Dövlət tarixi mövzulu intellektual oyunlar, mobil tətbiqlər və abidələr ətrafında keçirilən kvest yarışları stimullaşdırmalıdır. Gəncləri könüllülük proqramları vasitəsilə bərpa və qoruma işlərinə cəlb etmək onlarda bu irsə qarşı sahiblik və məsuliyyət hissi yaradır. Həmçinin, müasir kinematoqrafiya və sosial media kontentləri vasitəsilə tarixi abidələr gənclərin dilində və maraq dairəsinə uyğun şəkildə təqdim edilməlidir”.
Fatimə Hüseynli
