Bakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq
Dənizkənarı Milli Park ərazisində ilk dəfə caz musiqisi ilə qastronomiyanı bir araya gətirən Caz və Şərab Festivalı təşkil olunur.
"İnformator.az" "PhotoStock.Az"-a istinadla xəbər verir ki, 24 aprel - 3 may tarixlərində baş tutacaq festival ziyarətçilərə zəngin proqram təqdim edəcək. Tədbir çərçivəsində yüksəksəviyyəli caz ifaları, zərif qastronomik təcrübələr və seçilmiş şərab nümunələri bir məkanda təqdim olunacaq.
Festivalın əsas məqsədi Azərbaycanın özünəməxsus caz ənənələrinin yaşadılması, gənc istedadlara dəstək verilməsi, caz musiqisinin daha geniş auditoriyaya çatdırılmasıdır. Əgər indiyə qədər caz konsertləri qapalı məkanlarda məhdud auditoriya üçün nəzərdə tutulurdusa, indi bulvara gələn hər kəs bu musiqinin sədalarını eşidə biləcək. Hər gün üçün xüsusi proqram hazırlanıb.
Bununla yanaşı, festivalda Azərbaycanın zəngin şərabçılıq ənənələri təqdim olunacaq, yerli istehsalçıların məhsulları nümayiş etdiriləcək, dequstasiyalar və master-klasslar təşkil ediləcək. Festival Dövlət Kukla Teatrının yaxınlığında, ənənəvi yarmarka ərazisində keçiriləcək.
Tədbir hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər axşam saat 19:00-dan etibarən açıq səma altında canlı konsert proqramları təşkil olunacaq. Festivalın keçirildiyi məkana və konsert ərazisinə giriş sərbəstdir, yalnız səhnəyə yaxın xüsusi zonalara biletlə daxil olmaq mümkündür.