Musiqinin uzaqgörən memarı: Firəngiz Əlizadə ilə Üzeyir Hacıbəyli dünyasına səyahət
24 aprel Üzeyir Hacıbəyli adına konsert salonunda müasir bəstəkarların Üzeyir Hacıbəyliyə həsr olunmuş əsərlərindən ibarət kamera musiqi konserti və konfrans keçiriləcək. Azərbaycan musiqi mədəniyyətinin təməl daşı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu yubiley sadəcə bir xatirə gecəsi deyil, həm də keçmişin zəngin irsi ilə müasir musiqi dilinin görüş nöqtəsidir. Bəstəkarlar İttifaqı tərəfindən keçirilən silsilə tədbirlər, konfrans və konsertlər bu irsin nə dərəcədə canlı və aktual olduğunu bir daha sübut edir.
Mövzu ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə "İnformator.az"a özəl açıqlamasında dahi sənətkarın irsinin bu günü və gələcəyi barədə düşüncələrini bölüşüb. Firəngiz Əlizadə qeyd edib ki, Üzeyir Hacıbəyli irsi İttifaqın fəaliyyətinin əsas qayəsini təşkil edir və bu ənənə hər il daha da genişlənir:
"Azərbaycan Bəstəkarlar İttifaqı daima Üzeyir Hacıbəyliyə həsr olunan tədbirlər keçirib. Bura konfranslar, konsertlər və böyük festivallar daxildir. Bildiyiniz kimi, Mədəniyyət Nazirliyi hər il 18 sentyabrda böyük beynəlxalq musiqi festivalına start verir. Bu festival çərçivəsində Bəstəkarlar İttifaqının həm konsertləri, həm də konfransları mütəmadi olaraq keçirilir. Lakin bizim özümüzün daha geniş və dərin bir layihəmiz var ki, orada dahi bəstəkarın fəaliyyəti müxtəlif sahələr üzrə işıqlandırılır".
Xalq artisti vurğulayıb ki, bu tədbirlər sadəcə musiqi dinləmək deyil, həm də dərindən öyrənmək məqsədi daşıyır:
"Bu, musiqiçilərə, musiqişünaslara və ifaçılara ünvanlanan elmi-yaradıcılıq platformasıdır. Biz çox yaxşı bilirik ki, Üzeyir Hacıbəyli təkcə dahi bəstəkar deyil, həm də böyük musiqişünas-alim və pedaqoqdur. Onun fəaliyyətinin bu müxtəlif özəlliklərinə həsr olunmuş konfranslar keçiririk. Ən dəyərli məruzələri, yüksək səviyyəli çıxışları toplayaraq hər iki ildən bir kitab şəklində çap edirik. Bu kitabları konservatoriyalara, musiqi məktəblərinə və kitabxanalara yayırıq ki, gənc nəsil dahi ustad haqqında ən doğru və elmi mənbələrə çıxış əldə edə bilsin".
Bu gün yaşayan və yaradan bəstəkarların Üzeyir Hacıbəyliyə münasibətinə toxunan Firəngiz Əlizadə , dahi sənətkarın onlar üçün bir enerji mənbəyi olduğunu bildirib:
"Biz çox şadıq ki, bizim müasir bəstəkarlarımız — yəni bu gün yaşayan, yaradan və yazan sənətkarlarımız — Üzeyir Hacıbəylini heç vaxt unutmurlar. Ona qarşı hər zaman böyük hörmət və izzət hissi duyurlar. Onun xatirəsinə, yubileylərinə həsr olunmuş həm simfonik, həm kamera-instrumental, həm də vokal əsərlər yazırlar. Biz bu əsərləri vaxtaşırı musiqi ictimaiyyətinə və bütün musiqisevərlərə təqdim edirik. Çünki, bəzi müasir əsərlər qəliz ola bilər. Biz musiqişünasların çıxışları vasitəsilə həmin əsərlərin janrını, yazılma tarixçəsini və fəlsəfəsini insanlara açıqlayırıq, onları bu mürəkkəb musiqi dünyasına hazırlayırıq".
Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin təkcə bəstəkar deyil, həm də böyük bir şərqşünas alim kimi dünya elminə təsirindən bəhs edib:
"Üzeyir Hacıbəyli həm də böyük bir jurnalist və ictimai xadim idi. Amma, onun qurduğu muğam sistemi elə bir uzaqgörənliklə yaranıb ki, bu gün bütün dünyanın musiqişünasları bu sistemdən qidalanırlar. Onun bu mövzuya həsr olunmuş kitabları Azərbaycan, rus, ingilis və alman dillərində çap olunub. Mən bədii rəhbəri olduğum "Muğam aləmi" festivalları çərçivəsində Amerikadan tutmuş Çinə qədər gələn bütün alimlərə bu kitabları təqdim etmişəm. Onlar bu dahi insanın yaratdığı sistemin dərinliyinə heyran qalırlar".
Firəngiz Əlizadə həmçinin "Arşın mal alan" filminin tarixçəsi haqqında ingilis dilində hazırladıqları broşürlərin xaricdə necə böyük maraqla qarşılandığını da qeyd edib:
"İnsanlar inanmırlar ki, bir əsərin belə möhtəşəm və maraqlı bir keçmişi ola bilər".
Bəstəkarlar İttifaqının gəncləşən simasına və beynəlxalq uğurlarına toxunan Firəngiz Əlizadə , musiqimizin sabahına böyük ümidlərlə baxır:
"Bizim fəaliyyətimiz hamıya — həm yaşlı nəslə, həm də gənclərə ünvanlanıb. 35 yaşına qədər olan gənc bəstəkar və musiqişünaslardan ibarət bölməmiz çox aktivdir. Bu yaxınlarda İttifaqın katibi vəzifəsinə gənc bəstəkar İlahə Qismət seçildi və o, çox böyük entuziazmla işə qatıldı. Biz gənclərimizin əsərlərini dünyanın ən mötəbər salonlarına çıxarmağa çalışırıq. Berlində, Potsdamda konsertlərimiz oldu. Mən xaricdə olanda dirijorlara məhz gənclərimizin əsərlərini tövsiyə edirəm. Bu çətin zamanda musiqimizi dünyaya yaymaq ən böyük vəzifəmizdir".
Yekun olaraq qeyd edək ki, Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində tədbirlər 18 sentyabra qədər davam edəcək. Lakin Firəngiz Əlizadənin də qeyd etdiyi kimi, bu tarix sadəcə bir təqvim deyil. Üzeyir Hacıbəyli irsi Azərbaycan bəstəkarlıq məktəbinin tükənməz qaynağı olaraq hər zaman fəaliyyətin mərkəzində qalacaq.
Lalə Əhməd