ABŞ-də ICE agentinin venesuelalı DoorDash sürücüsünü güllələməsi etirazlara səbəb olub
ABŞ-nin Texas ştatının Ostin şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşının venesuelalı DoorDash sürücüsünü güllələyərək yaralamasından sonra etiraz aksiyası keçirilib.
28 yaşlı Wilber Rafael Garces Perez qarın nahiyəsindən güllələnib və xəstəxanaya yerləşdirilib. Onun vəkili bildirib ki, Perez hazırda ICE-nin nəzarətindədir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik tam aydın deyil.
Ostin meri Kirk Watson və yerli polis hadisənin müstəqil şəkildə araşdırılmasını tələb ediblər. Mer şəhər sakinlərinin baş verənlərlə bağlı həqiqəti bilməyə və özlərini təhlükəsiz hiss etməyə haqqı olduğunu bildirib.
Hadisədən sonra onlarla etirazçı küçələrə çıxıb. Nümayişçilər arasında Meksika və Qvatemala bayraqları da olub. Etirazçılar ICE əməkdaşlarının Ostindən çıxmasını tələb edən şüarlar səsləndiriblər.
Hadisə ABŞ-də Donald Tramp administrasiyasının miqrasiya siyasətini sərtləşdirdiyi bir vaxtda baş verib. Administrasiya bu siyasəti ölkənin təhlükəsizliyinin təmin edilməsi və sərhədlərə nəzarətin gücləndirilməsi ilə əsaslandırır.
Demokrat siyasətçilər və hüquq müdafiəçiləri isə ICE əməkdaşlarının fəaliyyətinin daha ciddi nəzarətə götürülməsini və bədən kameralarından istifadənin məcburi edilməsini tələb edirlər.
Hadisə ilə bağlı araşdırma davam edir.
Nurgün Qənizadə