ABŞ-də məhbus Krista Payk uğursuz edam cəhdindən sonra “çaşqın və ağrı içində” oyandığını bildirib
ABŞ-də ölüm hökmünə məhkum edilmiş Krista Payk sentyabr ayında baş tutmayan edam cəhdindən sonra ilk dəfə ictimaiyyətə açıqlama verib.
“Bu gecədən sonra elə bir an olmayıb ki, ağrı hiss etməyim. Bədənim, qollarım, əllərim, boğazım ağrıyır. Hələ də danışmaqda çətinlik çəkirəm. Bu ağrı təkcə fiziki deyil. Ruhumda və zehnimdə də ağrı var”, – deyə o, açıqlamasında bildirib.
50 yaşlı Payk ötən ayın sonunda xəstəxanadan evə buraxılıb. O, pentobarbital adlı preparatın iki dəfə vurulmasından sonra sağ qalıb. Bu isə onun vəziyyətinin kritik həddə çatmasına səbəb olub. Bundan sonra Payk son 30 ilini həbsdə keçirdiyi müəssisəyə qaytarılıb. O, 1995-ci ildə Kolin Slemmerin qətlinə görə həbs edilib.
Payk həmin cinayəti törədərkən 18 yaşında olub. O, həmin vaxt sevgilisi olan Tadaryl Şipp ilə birlikdə 19 yaşlı Slemmeri döyüb, ona işgəncə verərək öldürüb. Şipp cinayət törədilən zaman qanun qarşısında yetkinlik yaşına çatmadığı üçün ölüm hökmündən azad edilib. O, hazırda da həbsdədir.
Tennessi Ştatının İslah Departamenti edamın niyə planlaşdırıldığı kimi həyata keçirilmədiyini hələ də açıqlamayıb. Bununla belə, qurum istifadə olunan üsulu müdafiə edib.Tennessi qubernatoru Bill Li ilin sonuna qədər bütün edamların dayandırılması barədə qərar verib və hadisənin səbəblərini dəqiq müəyyənləşdirmək üçün müstəqil araşdırma başladılmasını tapşırıb.
Aysun Xəlilova