ABŞ ilə danışıqlar aparmayacağıq- Laricani
“Biz ABŞ ilə danışıqlar aparmayacağıq”.
Bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X səhifəsində yazıb.
“Tramp xəyalpərəst ambisiyalarla regionu qarışıqlığa sürüklədi və indi Amerika itkilərinin artmasından narahat olduğunu deyir. Yanlış hərəkətləri ilə, o, özünəməxsus “Birinci Amerika” şüarını “Birinci İsrail”ə çevirib və İsrailin hakimiyyəti uğrunda Amerika əsgərlərini qurban verib. Bu gün İran xalqı özünü müdafiə edir”, - o qeyd edib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İsrail İrana qarşı bu addımları atmaqla həm iqtisadi, həm də strateji cəhətdən çox böyük bir səhvə yol veriblər:
“Bu proseslərdə biz Donald Trampın kifayət qədər səthi yanaşmasının şahidi olduq. Trampı İsrail rəhbərliyi inandırıb ki, İrana qarşı "yüngül" bir hücumla nəticə əldə etmək mümkündür. ABŞ hərbi donanmanın imkanlarını və digər resursları məhz ona görə səfərbər edib ki, hücum olarsa, İranı qısa müddətdə təslim etsinlər. Lakin köhnə əhvalat yenidən təkrarlanıb. Diplomatik danışıqlar getdiyi bir vaxtda, Araqçi uranı sıfır səviyyəsində zənginləşdirməyə hazır olduqlarını bildirsə də, İsrail qəfildən hücuma keçir və ABŞ da bu prosesə qoşulur. Bu, artıq qeyri-ciddi bir yanaşmadır və niyyət ondan ibarət idi ki, İranın ali rəhbərliyi hədəf alınsın, onların iqamətgahları və bunkerləri dağıdılsın. Hesab edirdilər ki, ölüm xəbərlərindən sonra İran xalqı küçələrə çıxacaq, hakimiyyət dəyişəcək və inqilabi proses başlayacaq. Lakin onlar yenə səhvə yol verirlər. Hələ ötən ilin iyununda başladıqları kampaniyada da eyni ssenarini nəzərdə tutmuşdular. Əslində, mən bu hücumlara heç bir bəraət qazandırmıram, çünki bu, sözün əsl mənasında dövlət terroru səviyyəsində təşkil olunan bir yanaşmadır. Bu, çox pis bir presedentdir və buna imkan vermək olmaz. Liderlər, prezidentlər və dini xadimlər xalqların canlı simvollarıdır. Onlara qarşı belə addımlar atmaq dünyanı dəhşətli bir fakt qarşısında qoymaqdır. Trampın Maduronu hədəf alması kimi hadisələr də keçərli məsələlər deyil, bunlardan qaçmaq lazımdır. Dünya birliyi özünü sivilizasiya baxımından kamil sayırsa, belə hallara yol vermək olmaz. İranla bağlı tətbiq edilən bu ssenari yenə eyni nəticəni verib. İran tərəfi artıq danışıqlara getməyəcək, çünki ikinci dəfədir onları aldadıb evlərinin içində vururlar. Bu, ölkənin suverenliyinə və sərhəd toxunulmazlığına hörmətsizlikdir və cavabı verilməlidir. Biz Azərbaycan olaraq Ermənistanın təcavüzünə necə cavab verib onları yerində oturtduqsa, İran da bu məsələni eyni tərzdə həll etməlidir. İranlılar heç kimə təhdid törətməyiblər. Bəli, qonşularla aralarında gərginlik var, Azərbaycan da bundan əziyyət çəkib, amma bu o demək deyil ki, istədiyiniz vaxt silahı çıxarıb kimisə tənbeh etməyə gəlməlisiniz”.
Ekspert qeyd edib ki, İranın müqavimət gücü çox ciddidir və o, İsraili iflic vəziyyətinə sala biləcək zərbələrlə cavab vermək iqtidarındadır:
“İndi Donald Tramp deyir ki, İran guya danışıqlara hazırlaşır. Bu, sadəcə uydurmadır, hətta blefdir. Hansı üzlə İran onunla danışığa gedər? Tramp öz istəyini həqiqət kimi qələmə verir, çünki ölkə daxilində anti-müharibə hərəkatlarının başladığını, Amerika əsgərlərinin öldüyünü və texnikalarının vurulduğunu görür. O anlayır ki, uzunmüddətli kampaniya apara bilməyəcək. İsrail də öz imkanlarını olduğundan artıq təsəvvür edib, lakin indi situasiya dəyişir. Müharibənin ilk iki günü göstərib ki, İranın müqavimət gücü çox ciddidir və o, İsraili iflic vəziyyətinə sala biləcək zərbələrlə cavab verəcək. Amerikanın İsraillə bağlı apardığı siyasət böyük bir səhvdir, çünki ABŞ həqiqətən nəhəng resursları olan böyük bir dövlət olsa da, Netanyahunun yedəyində getməli deyildi. Düşünürəm ki, burada "Epşteyn" faylları öz rolunu oynayıb. Çünki kompromatlar varsa, yəhudi lobbisi Amerika prezidentini bir növ girov götürərək öz maraqları üçün istifadə edir. İran tərəfi artıq danışıqlara getməyəcəyini bəyan edib, çünki müharibə elə bir fazaya keçir ki, İran orada həm rəqiblərini, həm də ətrafı mat qoya biləcək silahlardan istifadə edəcək. İranın yeni strateji gedişi iqtisadi tükəndirməyə əsaslanır. Onlar dövriyyəyə çox ucuz başa gələn kamikadze dronları və pilotsuz aparatlar buraxırlar, Amerika və İsrailin bunları zərərsizləşdirmək üçün göyə atdığı antiraketlər isə həddindən artıq bahalıdır. İran isə öz yüngül artilleriyası və texnikası ilə rəqiblərini iqtisadi cəhətdən çökdürür. Digər tərəfdən, İranın ali dini rəhbərinin ailə üzvləri ilə birlikdə hədəf alınması bağışlanmaz bir səhvdir və bütün qırmızı xətlərin keçilməsi deməkdir. Əli Xamenei nüfuz sahibi olaraq İran daxilindəki radikal qrupları, yəni "quzğunlar"ı tənzimləyir və onları mötədil xəttə dəvət edirdi. İndi isə meydan barışıq istəməyən, savaşa can atan həmin radikal hərbçi və siyasətçilərin ixtiyarına keçib ki, bu da Netanyahunun planının acı nəticələrini həm Amerikanın, həm də İsrailin yaşayacağı mənasına gəlir. İranın ətraf ərazilərdəki Amerika bazalarına vurduğu zərbələr isə xalqlara bir mesajdır: Amerika artıq sizin üçün təhlükəsizlik qarantı ola bilmir. İsrailin hətta Qətərə hücum etməsi fonunda İran siyasi müstəvidə önə çıxıb hesabda irəlidədir. İranın Xarici İşlər naziri Araqçının "müharibənin nə vaxt bitəcəyini biz müəyyən edəcəyik" deməsi artıq boş vəd deyil, real güc göstəricisidir. Bu proseslər dünya nizamının ayaq altına alınmasıdır və tərəflər anlamalıdır ki, bu dünya tək onların deyil, digər xalqların da yaşama hüquqlarına hörmət edilməlidir”.
Lalə Qurbanlı
