ABŞ-İran gərginliyi müharibə riskini artırır
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla sülh sazişinə istənilən halda nail olunacaq və bu proses “yaxşı və ya pis yolla” həyata keçirilə bilər. Onun sözlərinə görə, Tehran razılaşmadan imtina edərsə, ABŞ daha sərt addımlar ataraq İrandakı mühüm infrastruktur obyektlərini hədəf ala bilər.
Mözvu ilə bağlı Politoloq Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin sabit fikirli olmaması, həmçinin qeyri-real istəkləri İranı danışıqlardan yayındırır:
“ABŞ prezidentinin və İranın rəsmi şəxslərinin verdiyi bəyanatlar göstərir ki, sabah Pakistanda nəzərdə tutulan danışıqlar alınmayacaq. İran nümayəndə heyətini göndərməyəcəyini rəsmi şəkildə bəyan edib. Səbəbini də dedilər: ABŞ tez-tez mövqeyini dəyişdirir, yeni tələblər irəli sürür və onun nümayəndələrinin irəli sürdüyü tələblər İran tərəfindən qəbul oluna bilməz”.
Politoloqun sözlərinə görə, ABŞ-nin İranın infrastrukturuna zərbə vurması diplomatik yolları tamamilə bağlayaraq müharibənin yalnız tərəflərdən birinin təslim olması ilə nəticələnməsinə gətirib çıxara bilər:
“Bu şəraitdə ABŞ-nin əvvəlcədən elan etdiyi kimi İrandakı elektrik stansiyaları və körpülərə zərbə vurmaqdan başqa çarəsi yoxdur. Hər halda ABŞ-nin bu addımı atması, elektrik stansiyalarını və körpüləri məhv etməsi münasibətləri həddindən artıq gərginləşdirəcək, bəlkə də diplomatiya yolunu tamamilə bağlayacaq və tərəflərin hər hansı birinin təslim olması ilə bu müharibəni dayandırmaq mümkün ola biləcək. Bu şəraitdə təbii ki, Amerika Birləşmiş Ştatlarının təslim olacağını düşünmək qeyri-mümkündür. İran da hələ ki çox böyük qətiyyət göstərir, ancaq nəzərə almaq lazımdır ki, artıq 3500 nəfər insan İran tərəfdən öldürülüb”.
Abutalıb Səmədov qeyd edib ki, ABŞ və İranın güzəştə getmək əvəzinə hərbi təzyiq yolunu seçməsi səbəbindən müharibəni dayandıracaq alternativ variantların olmadığını vurğulayır:
“Alternativ diplomatik variantlar təbii ki, yoxdur. Yalnız ABŞ ilə İran arasında aparılan danışıqlar və qarşılıqlı konstruktiv güzəştlər bu müharibəni dayandırmağa imkan verə bilər. Ancaq çox təəssüf ki, hər iki tərəf güzəşt mövqeyindən deyil, hərbi zorba mövqeyindən çıxış edir, qarşı tərəfi qorxutmağa çalışır və geri çəkilməyə, müəyyən güzəştlərə getməyə qarşıdakı tərəfə imkan vermir”.
Aydan Əsgərxanlı