ABŞ-İran gərginliyinin azalması neft bazarına təsir edib
ABŞ və İran arasında Yaxın Şərqdə mümkün münaqişə ilə bağlı narahatlıqların azalması fonunda dünya neft bazarlarında ucuzlaşma qeydə alınıb. Bazar ertəsi günü erkən ticarət zamanı neftin qiyməti 1 faizdən çox enib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Şaban Nəsirov bildirib ki, ABŞ–İran münasibətlərində gərginliyin azalması neft bazarına əsasən qısamüddətli psixoloji təsir göstərir:
"Bazarda qiymətlər çox zaman real hasilat və tələbdən daha çox gözləntilər üzərində formalaşır. Yaxın Şərqdə münaqişə riskinin azalması treyderlərdə rahatlıq yaradır və bu da qiymətlərin müvəqqəti enməsinə səbəb olur.
Lakin orta və uzun müddətli perspektivdə neft qiymətlərini müəyyən edən əsas amillər yenə də qlobal tələb, ABŞ şist nefti, OPEC+ qərarları və dünya iqtisadi artımı olacaq. Bu baxımdan hazırkı ucuzlaşmanı davamlı trend kimi qiymətləndirmək doğru olmaz.
Geosiyasi risklərin azalması OPEC və qeyri-OPEC ölkələrinə daha çevik qərarlar vermək imkanı yaradır. Təzyiq azaldıqca bazarı süni şəkildə yüksək qiymətdə saxlamaq üçün sərt hasilat məhdudiyyətlərinə ehtiyac zəifləyə bilər. Ancaq burada vacib məqam ABŞ-nin davranışıdır. ABŞ uzun illərdir ki, neft amilindən iqtisadi və siyasi qazanc əldə etmək üçün dövri şəkildə istifadə edir. Qiymətlərin qalxıb-enməsi çox vaxt bazarın özündən yox, məhz bu cür geosiyasi siqnallardan qaynaqlanır. Eyni zamanda ABŞ-nin Venesuelanı faktiki nəzarət altına alması onun qlobal neft strategiyasını daha da gücləndirib. Venesuela kimi nəhəng ehtiyatlara malik ölkəyə təsir imkanları Vaşinqtona bazarda əlavə rıçaqlar verir.
Neftin qiymətindəki qısamüddətli ucuzlaşmalar Azərbaycan kimi enerji ixrac edən ölkələr üçün ciddi risk yaratmır. Çünki büdcə planlaması adətən daha ehtiyatlı qiymətlər üzərində qurulur. Lakin uzunmüddətli ucuzlaşma olarsa, bu, ixrac gəlirlərinin azalmasına, valyuta daxilolmalarının zəifləməsinə və fiskal tarazlığa təzyiq göstərə bilər. Hazırkı vəziyyətdə isə qiymətlərin qalxması və enməsi əsasən süni xarakter daşıyır, bu da qısa müddətdə effekt verir. Orta və uzun müddətdə bu cür dalğalanmaların iqtisadiyyata ciddi və davamlı təsiri olmur".
Aişə Mustafayeva
