ABŞ-İran münasibətlərində həll yolu
İranda iqtisadi, sosial məsələlərlə bağlı başlayan etiraz aksiyaları yatırılır. Aksiyalar əvvəlki gücünü saxlaya bilmir. Onlara qarşı güc tətbiqi nəticəsində minlərlə ölən və yaralananların olduğuna dair xəbərlər də yayılıb. Saxlanılan və həbs olunanlarla bağlı dəqiq məlumat yoxdur.
Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, bu şəraitdə ABŞ-nin İrana hücum etməsi gözlənilmir:
“Təbii ki, İranda baş verən aksiyalar artıq son iki gündə səngiməyə doğru gedir. Bu da hazırkı molla rejimini nisbətən qalib görkəmində, yəni Amerika qarşısında göstərməkdədir. Çünki Amerika Prezidenti Donald Trampın məlum çağırışı olub ki, “kömək yoldadır, gəlir”. Aksiya iştirakçılarına çağırış edib ki, hökumət binalarını tutun. Bir növ, yəni inqilab etməyə çağırıb. Amma bu çağırışların heç birinin əhəmiyyəti olmayıb.
ABŞ-İran münasibətlərində hər zaman, yəni gərginliyin müşahidə olunduğu, xüsusilə də 1979-cu ildəki məlum inqilabdan sonra, hər iki ölkənin ulduzları barışmır. Amerika hər addımbaşı bir şans axtarır, bəhanə axtarır ki, İranı sıradan çıxarsın.
Amma görünən odur ki, hələ ki, elə ola bilməyib. Yarım əsrə yaxın müddət ərzində hər iki dövlət arasında diplomatik münasibətlər də zaman-zaman artan və enən xətt istiqamətində gedir. İndi də yaşanan gərginlik diplomatik əlaqələrin ən aşağı səviyyəyə düşməsi ilə nəticələnib. Təbii ki, burada son günlərdəki aksiyaların əsas rol oynadığını demək olmaz.
Çünki son illərdə münasibətlərdə çox ciddi gərginlik yaşanır. Xüsusilə də Tramp gələndən sonra Amerikanın İranla bağlı, demək olar ki, hədəfləri açıq şəkildə bəyan edilməyə başlayıb. İsrail üzərindən İranın vurulması da buna misal ola bilər. Amma istənilən halda Amerika və İran arasında hər hansı ssenarinin işə salınacağını güman etmirəm. Çünki İran elə bir regionda yerləşir ki, region ölkələri buna maraqlı deyillər və bunu istəmirlər.
Rusiya və Türkiyə kimi güclülərin yerləşdiyi bir regionda yerləşən İranın Amerika tərəfindən vurulması heç də asan deyil. İranın özü də kifayət qədər təbii resurslara və güclü orduya malik bir ölkədir. Güclü və müasir silahlara malik bir ölkədir. Ona görə də İranın vurulması elə də asan deyil. Hesab edirəm ki, indiki şəraitdə yox, yaxın gələcəkdə Amerika–İran münasibətlərində bir kompromis əldə olunacaq.
Və düşünürəm ki, sanksiyalar da İran üzərindən yavaş-yavaş götürülməyə başlayacaq. Ola bilər ki, xalqa yönəlik hazırkı İran rejimi müəyyən addımlar atsın. Əks halda addımlar atılmasa, gələcək baxımından yenidən biz xalq üsyanlarına şahid ola bilərik.
İstənilən halda həm də molla rejimi son 19 gündə İranda baş verən xalq üsyanları nəticəsində ortaya çıxan durumdan, düşünürəm ki, dərs götürəcəkdir”.

Arzu Poladova
