ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasını bərpa etdikdən sonra bu ölkə ilə əlaqəli olan və İran limanlarına hərəkət edən 125 ticarət gəmisini ələ keçirib, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, hər iki tərəfin həyata keçirdiyi addımlar sülhə doğru yönələn niyyətlə atılmır:
"İranla əlaqəli ticarət gəmilərini ABŞ- nin ələ keçirməsi onsuz da gərgin olan vəziyyətə daha da ağır təsir göstərir. Hazırda İran-ABŞ münasibətləri elə bir mərhələdədir ki, tərəflərin atdığı hər bir addım vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Çünki hər iki tərəfin həyata keçirdiyi addımlar sülhə doğru yönələn niyyətlə atılmır. Əksinə, tərəflərin addımları qarşı tərəfə daha çox zərər vurmaq və onun fəaliyyətinə mane olmaq məqsədi daşıyır".
Ekspert bildirb ki, ABŞ-nin İranla əlaqəli ticarət gəmilərini ələ keçirməsi də sülh danışıqlarının faktiki olaraq nəticəsiz qaldığı, tərəflərin bir-birinin təkliflərini qəbul etmədiyi bir şəraitdə baş verir:
" ABŞ-nin Hörmüz boğazının açılması istiqamətində atdığı addımların nəticə verməməsi də vəziyyəti daha da mürəkkəbləşdirir. Belə şəraitdə İranın da buna qarşılıq olaraq müəyyən addımlar atacağı gözlənilir. Buraya ABŞ-nin hərbi gəmilərinə qarşı mümkün hücumlardan tutmuş, regiondakı Amerika hərbi bazalarına yenidən zərbələr endirilməsinə qədər müxtəlif ssenarilər daxildir. Bu addımların bölgədəki ümumi vəziyyətə təsirinə gəlincə, İran-ABŞ münasibətləri ilə yanaşı, Amerikanın müttəfiqləri ilə İran arasındakı münasibətlərin də daha da gərginləşməsi mümkündür. Bu isə bölgədə hərbi əməliyyatların genişlənməsi və müharibənin coğrafiyasının böyüməsi riskini artırır".
Müsahib vurğulayıb ki, ticarət gəmilərinin ələ keçirilməsi Yaxın Şərqdə, eləcə də Hind okeanı və digər ərazilərdə ABŞ-yə məxsus gəmilərə qarşı mümkün hərbi hücumlara səbəb ola bilər:
"Bu, münaqişənin yeni mərhələyə keçməsi riskini gündəmə gətirir. ABŞ-nin İranla əlaqəli ticarət gəmilərini hansı məqsədlə ələ keçirməsindən asılı olmayaraq, hazırkı şəraitdə bu addım onsuz da gərgin olan vəziyyətin daha da ağırlaşmasına səbəb olur".
Səmayə Səftərova