Azərbaycanın müharibədən sonrakı geosiyasi quruculuğu
Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın regiondakı mövqeyini dəyişərək yeni geosiyasi mərhələnin əsasını qoydu. Müharibədən sonrakı dövrdə ölkənin regional güc balansında artan rolu, yeni əməkdaşlıqları və strateji təşəbbüsləri Cənubi Qafqazın siyasi mənzərəsinə təsir edən əsas amillərdən birinə çevrildi.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Zahid Oruc bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycanın regional və beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə güclənib və ölkə yeni geosiyasi reallıqlara uyğun olaraq müstəqil siyasət yürüdür:
“Vətən müharibəsində qazanılan qələbə Cənubi Qafqazda geosiyasi güc balansını dəyişərək Azərbaycanın regional mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Müstəqillik qazandıqdan sonra Azərbaycan beynəlxalq münasibətlərini, əsasən, işğal faktoru və enerji resursları üzərində qururdu. Lakin Vətən müharibəsindən sonra ölkəmiz regionda müstəqil qərarlar qəbul edən və öz maraqlarını müdafiə edən qalib dövlət kimi çıxış etməyə başladı.
Qələbə uzun illər münaqişənin dondurulmasında maraqlı olan böyük dövlətlərin regiondakı ənənəvi təsir mexanizmlərini də zəiflətdi. Minsk qrupunun fəaliyyətinin nəticəsiz qalması və 2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsi ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirdi. Bununla yanaşı, Azərbaycan Türkiyə ilə əməkdaşlığını genişləndirərək Türk dünyasında da öz rolunu artırdı.
Müharibədən sonrakı dövrdə bəzi beynəlxalq aktorların Ermənistan-Azərbaycan münasibətlərinə təsir göstərmək cəhdləri davam etsə də, Azərbaycan öz geosiyasi maraqlarını qorumaq istiqamətində siyasət yürüdür. ABŞ ilə münasibətlərin inkişafı və dövlətimizin regional orta güc kimi mövqeyinin ifadə olunması ölkənin beynəlxalq münasibətlər sistemində artan rolunu göstərir. Bu baxımdan, Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşması ilə nəticələndi”.
Zahid Oruc əlavə edib ki, müharibədən sonrakı dövrdə Azərbaycanın geosiyasi siyasətində Türkiyə ilə strateji əməkdaşlığın genişləndirilməsi, sülh gündəliyinin formalaşdırılması, eləcə də Avropa və Asiya arasında nəqliyyat və enerji əlaqələrinin inkişaf etdirilməsi əsas istiqamətlərdən birinə çevrilib:
“1990-cı illərdə mürəkkəb regional vəziyyət səbəbindən ehtiyatlı xarakter daşıyan bu münasibətlər zamanla strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilən hərbi müttəfiqlik Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında və regionda güc balansının qorunmasında mühüm rol oynayır. Bu əməkdaşlıq digər dövlətlərə qarşı yönəlməyərək Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə, eləcə də Türkiyənin və Türk dünyasının Cənubi Qafqazdakı mövqeyinin güclənməsinə şərait yaradır. Müharibədən sonra Azərbaycan davamlı müharibə və ərazi genişləndirməsi siyasəti deyil, sülh erasının başlanması istiqamətində qətiyyətli addımlar atdı. 2025-ci il avqustun 8-də Ağ Evdə əldə olunan razılaşma və ABŞ-la strateji münasibətlərin bərpası bu siyasətin mühüm göstəricilərindəndir. Yeni geosiyasi şəraitdə Azərbaycanın Avropa və Asiya ilə münasibətlərində ən mühüm dəyişikliklərdən biri ölkənin birləşdirici və tranzit qovşağı kimi əhəmiyyətinin artmasıdır. Zəngəzur yolunun açılması və Orta Dəhlizin imkanlarının genişlənməsi Azərbaycanın Avropa ilə Asiya arasında rolunu daha da gücləndirə bilər. Sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması isə Cənubi Qafqazın uzun illər davam edən qarşıdurma və izolyasiya mühitindən çıxmasına şərait yaradacaq. Beləliklə, Azərbaycan qələbədən sonra öz geosiyasi mövqeyini beynəlxalq iqtisadi, siyasi və təhlükəsizlik əməkdaşlıqlarına daşımağa, Avropa və Asiya arasında əlaqələri gücləndirən əsas tərəflərdən birinə çevrilməyə çalışır”.
Deputat bildirib ki,müharibədən sonrakı dövrdə Azərbaycanın enerji və nəqliyyat layihələri ölkənin regional geosiyasi əhəmiyyətini daha da artırır:
“İki gün öncə keçirilən investisiya forumunda Abşeron yatağı, quru ərazilərində geoloji kəşfiyyat və digər enerji layihələri ilə bağlı imzalanan müqavilələr Azərbaycanın enerji siyasətini davam etdirdiyini göstərir. Xüsusilə Rusiya ilə Avropa arasında yaranmış mürəkkəb münasibətlər fonunda Azərbaycanın enerji resurslarına və Avropanın enerji təhlükəsizliyindəki roluna maraq artır. Digər tərəfdən, Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat və enerji qovşağına çevrilməsi onun geosiyasi əhəmiyyətini gücləndirir. Bu layihələr ölkənin həm iqtisadi imkanlarını genişləndirir, həm də suverenliyini və regional mövqeyini möhkəmləndirir. Beləliklə, qələbədən sonra enerji və nəqliyyat imkanlarından istifadə Azərbaycanın regionda aparıcı mövqeyini qoruması və beynəlxalq əlaqələrini genişləndirməsi baxımından mühüm rol oynayır”.
Həmidə Cəbrayılova