ABŞ İran neftinin satışına icazə müddətini uzatmayacaq
ABŞ aprelin 19-dan sonra İran neftinin satışı üçün qüvvədə olan icazə müddətini uzatmayacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
"Artıq dənizdə olan İran neftinin satışına müvəqqəti icazə bir neçə gündən sonra fəaliyyətini dayandırır və müddət uzadılmayacaq", - "X" sosial şəbəkəsində paylaşılan mətndə deyilir.
Mart ayında tətbiq olunan bu istisnanın ləğvi Amerika silahlı qüvvələri tərəfindən Hörmüz boğazında İran limanlarının blokadası fonunda baş verəcək.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İran tərəfini dəstəkləyən bank qurumlarına xəbərdarlıq edib. "Maliyyə qurumları nəzərə almalıdırlar ki, nazirlik mövcud vasitələr, səlahiyyətlərin tam arsenalını işə salır və İranın fəaliyyətinə töhfə verməyə davam edən xarici maliyyə təşkilatlarına ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırdır", - bəyanatda vurğulanır.