00:00:00
Yazar
Zəhra Həsənova
10.11.2026 20:16 11 2 dəq oxuma
Siyasət

ABŞ İsrailə hərbi yardımı dayandırmağa hazırlaşır - ŞƏRH

ABŞ İsrailə hərbi yardımı dayandırmağa hazırlaşır - ŞƏRH

ABŞ administrasiyası İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi maliyyə yardımını dayandırmağı planlaşdırır. Vaşinqton hesab edir ki, İsrail artıq silah alışlarını öz vəsaiti hesabına həyata keçirə biləcək iqtisadi imkanlara malikdir. Yeni qərarın 2027-ci ildən qüvvəyə minməsi və iki ölkə arasında hərbi əməkdaşlığın yeni modelinin formalaşması müzakirə olunur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva bildirib ki, ABŞ-nin İsrailə hərbi yardımını dayandırması ölkənin müdafiə siyasətinə təsir göstərsə də, iki ölkə arasında hərbi əməkdaşlığın sona çatması demək deyil.

 

“ABŞ-nin İsrailə hər il ayırdığı təxminən 3,8 milyard dollarlıq hərbi yardımın dayandırılması, şübhəsiz ki, İsrailin müdafiə siyasətinə və uzunmüddətli hərbi planlaşdırmasına təsir göstərə bilər. Çünki bu vəsaitin əsas hissəsi Amerika istehsalı olan döyüş təyyarələrinin, müasir silah sistemlərinin və hərbi sursatların alınmasına yönəldilir. Lakin burada mühüm məqam ondan ibarətdir ki, maliyyə yardımının dayandırılması ABŞ–İsrail hərbi əməkdaşlığının tamamilə sona çatması demək deyil”. 

 

Ekspert qeyd edib ki, İsrail kifayət qədər inkişaf etmiş müdafiə sənayesinə malikdir və ABŞ-dən silah alışını öz maliyyə imkanları hesabına davam etdirə bilər. Belə bir qərar İsrailin hərbi xərclərini artıracaq, müdafiə büdcəsində əlavə yük yaradacaq və bəzi strateji layihələrin maliyyələşdirilməsinə yenidən baxılmasını zəruri edəcək. 

 

Ekspert hesab edir ki, məsələnin digər mühüm tərəfi isə siyasi xarakter daşıyır. Vaşinqtonun bu addımı ABŞ-nin Yaxın Şərq siyasətində İsrailə münasibətdə maliyyə öhdəliklərini azaltmaq və müttəfiqlərinin öz təhlükəsizlik xərclərinə daha çox məsuliyyət daşımasını təmin etmək istəyinin göstəricisi kimi qiymətləndirilə bilər.

 

Züriyə Qarayevanın sözlərinə görə,  region dövlətlərinin bu qərara reaksiyası da xüsusi əhəmiyyət daşıyacaq. İran və İsraillə rəqabət aparan digər regional qüvvələr ABŞ-nin maliyyə yardımını azaltmasını Vaşinqtonun əvvəlki dəstək modelindən müəyyən qədər uzaqlaşması kimi qiymətləndirə bilərlər. Lakin bunun İsrailin hərbi baxımdan zəifləməsi və ya ABŞ-nin onu müdafiəsiz qoyması kimi qəbul edilməsi doğru olmazdı. Əksinə, İsrail xarici maliyyə asılılığını azaltmaq məqsədilə yerli hərbi sənayenin inkişafına, yeni texnologiyaların istehsalına və strateji silah ehtiyatlarının artırılmasına daha böyük vəsait ayıra bilər. 
 

Siyasi şərhçi qeyd edib ki, burada 2027-ci illə bağlı mühüm dəqiqləşdirmə də aparılmalıdır: mövcud yardım memorandumu 2028-ci ilin sentyabrınadək qüvvədədir və hazırda müzakirə edilən yeni razılaşmanın yardımı dərhal deyil, 2028-ci ildən sonra mərhələli şəkildə azaltması nəzərdə tutulur. Bu baxımdan İsrailin qarşısında duran əsas vəzifə müdafiə büdcəsinin yenidən strukturlaşdırılması, ABŞ-dən asılılığın tədricən azaldılması və hərbi-texnoloji müstəqilliyin gücləndirilməsidir. 

 

Ekspert hesab edir ki, baş verənləri ABŞ–İsrail strateji müttəfiqliyinin sona çatması deyil, iki ölkə arasında hərbi əməkdaşlığın maliyyələşmə modelinin dəyişməsi kimi qiymətləndirmək daha məqsədəuyğundur.

 

Arzum Ağazadə

#hazırlaşır #dayandırmağa #abş #azərbaycan #hərbi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər