00:00:00
Yazar
Zəhra Həsənova
10.11.2026 20:18 12 2 dəq oxuma
Siyasət

İranın milyardlarla dollarlıq aktivlərinin taleyi nüvə danışıqlarından asılıdır - ŞƏRH

İranın milyardlarla dollarlıq aktivlərinin taleyi nüvə danışıqlarından asılıdır - ŞƏRH

ABŞ və İran arasında aparılan diplomatik təmaslar çərçivəsində Tehranın dondurulmuş aktivlərinin azad edilməsi, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və beynəlxalq nüvə müfəttişlərinin ölkəyə qayıtması məsələləri müzakirə olunur. Bu addımın qarşılığında Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı konkret öhdəliklər götürməsini tələb etdiyi bildirilir.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Vaşinqtonun dondurulmuş İran aktivlərinin bir hissəsinin azad edilməsini müzakirə etməsi Tehrana iqtisadi güzəşt verməkdən daha çox, nüvə proqramı ilə bağlı konkret nəticələr əldə etmək məqsədi daşıyır. 

 

Politoloq qeyd edib ki, hazırda yayılan məlumatlara görə, mümkün razılaşma çərçivəsində İranın 6-9 milyard dollar həcmində dondurulmuş vəsaitə çıxış əldə etməsi müzakirə olunsa da, bu hələ yekun razılaşma deyil.

 

O qeyd edib ki, Vaşinqton üçün əsas məqsəd İranın nüvə proqramına beynəlxalq nəzarəti bərpa etmək və uranın zənginləşdirilməsi səviyyəsini məhdudlaşdırmaqdır. Bu çərçivədə ABŞ Tehrandan 60 faizə qədər zənginləşdirilmiş uranın səviyyəsinin aşağı salınmasını, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin nüvə obyektlərinə qayıtmasını və gələcək fəaliyyətlə bağlı şəffaflığın təmin edilməsini gözləyir.

 

Zeynal Əmrəliyev bildirib ki, dondurulmuş aktivlərin azad edilməsi İranın bu istiqamətdə atacağı addımların qarşılığında iqtisadi təşviq vasitəsinə çevrilə bilər.

 

O əlavə edib ki, İran üçün də bu məsələ həm iqtisadi, həm də siyasi əhəmiyyət daşıyır. Uzun müddətdir sanksiyalarla üzləşən ölkənin xaricdəki maliyyə vəsaitlərinə çıxış əldə etməsi iqtisadi dövriyyənin genişlənməsinə, idxal imkanlarının yaxşılaşmasına və maliyyə təzyiqlərinin qismən azalmasına şərait yarada bilər.

 

Politoloqun fikrincə, Tehran əldə edəcəyi maliyyə imkanlarından həm ölkə daxilində iqtisadi vəziyyəti sabitləşdirmək, həm də ABŞ ilə danışıqlarda diplomatik mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışa bilər.

 

Ada Hacızadə

#asılıdır #i̇ranın #azərbaycan #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər