00:00:00
Yazar
Aysel Mirzəyeva
24.02.2026 20:42 22 3 dəq oxuma
Siyasət Özəl

"ABŞ-İsrail koordinasiyası regionda güc balansının əsas elementlərindən biridir "-ŞƏRH

"ABŞ-İsrail koordinasiyası regionda güc balansının əsas elementlərindən biridir "-ŞƏRH

ABŞ dövlət katibi Marko Rubionun İsrailə planlaşdırılan səfərinin təxirə salınması Vaşinqton-Təl-Əviv xəttində və İranla bağlı siyasətdə yeni müzakirələrə səbəb olub. Rəsmi səbəblər açıqlanmasa da, qərarın diplomatik və təhlükəsizlik kontekstində qiymətləndirildiyi bildirilir.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirir ki, səfərin təxirə salınması ABŞ-İsrail münasibətlərində ciddi böhran anlamına gəlmir:

 

“ABŞ və İsrail strateji müttəfiqdirlər və aralarındakı münasibətlər institusional xarakter daşıyır. Bir səfərin təxirə salınması avtomatik olaraq hansısa ciddi siyasi problemin göstəricisi deyil. Bu, texniki səbəblərlə, təhlükəsizlik gündəliyində dəyişikliklərlə və ya tərəflər arasında koordinasiya məsələləri ilə bağlı ola bilər. Məsələ daha çox İranla bağlı mövcud qeyri-müəyyənlikdən qaynaqlana bilər. Hazırda ABŞ administrasiyası daxilində İran məsələsinə yanaşmada tam konsensus yoxdur. Bir qrup daha sərt xətt tərəfdarıdır və mümkün hərbi ssenariləri istisna etmir. Digər qrup isə diplomatik kanalların tam tükənmədiyini düşünür və danışıqlara əlavə şans verilməsini müdafiə edir. Rubio isə daha sərt mövqeyi ilə seçilən fiqurlardandır. Onun İsrailə səfəri böyük ehtimalla İran məsələsi ətrafında koordinasiyanı gücləndirmək məqsədi daşıyır. Əgər Vaşinqtonda İranla bağlı yeni diplomatik mərhələni sınamaq qərarı formalaşıbsa, bu halda İsraillə yüksək səviyyəli təhlükəsizlik müzakirələrinin vaxtının dəyişdirilməsi məntiqli görünür. Çünki İsrail İranın nüvə proqramına qarşı daha sərt və birmənalı mövqe sərgiləyir. Əgər ABŞ daxilində “zərbə” və ya “gözləmə” arasında seçimlə bağlı müzakirələr yenidən qızışıbsa, bu, səfərin təxirə salınmasına təsir edə bilər”.

 

Ekspert əlavə edir ki, səfərin gecikməsi Yaxın Şərqdə davam edən proseslərə dolayı təsir göstərə bilər:

 

“ABŞ-İsrail koordinasiyası regionda güc balansının əsas elementlərindən biridir. Əgər mümkün hərbi və ya diplomatik addımlar gecikirsə, bu, İranın da öz strategiyasını yenidən qurmasına zaman qazandıra bilər. Eyni zamanda digər regional aktorlar: Körfəz ölkələri, Livan, Suriya və hətta Rusiya prosesləri diqqətlə izləyir. ABŞ-İran danışıqlarının effektiv nəticə verib-verməyəcəyi hələ sual altındadır. Tarixi təcrübə göstərir ki, tərəflər arasında etimad səviyyəsi çox aşağıdır. Əgər danışıqlar uğursuz olarsa, o zaman daha sərt ssenarilər yenidən gündəmə gələ bilər. Belə bir vəziyyətdə Rubio və digər yüksək vəzifəli rəsmilərin İsrailə səfərləri daha intensiv xarakter alacaq və hərbi-siyasi koordinasiya güclənəcək. İranın potensial hədəfə çevrilməsi ABŞ üçün də risksiz deyil. İran nə İraqdır, nə Suriya, nə də başqa bir zəif regional aktordur. Ona qarşı hərbi addım atılarsa, bunun həm ABŞ, həm də İsrail üçün ciddi təhlükəsizlik və iqtisadi nəticələri ola bilər. Görünür, hazırda Vaşinqtonda məhz bu risklərin ölçülməsi və mümkün itkilərin hesablanması prosesi gedir. Beləliklə, Rubionun səfərinin təxirə salınması birbaşa böhran göstəricisi olmasa da, ABŞ-İsrail-İran üçbucağında gedən mürəkkəb strateji hesablamaların fonunda baş verən mühüm diplomatik detal kimi qiymətləndirilir”.


Ayşə Müzəfərli

#baki #gündəm #azərbaycan #biridir #əsas
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər