ADEX-2026: Bakı-London müdafiə əməkdaşlığında yeni mərhələ
Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin ADEX-2026-da iştirakı Azərbaycan-Böyük Britaniya müdafiə əlaqələrinin inkişafı baxımından diqqətçəkən hadisələrdən biridir. Sərgidə 18 Britaniya şirkətinin də təmsil olunması iki ölkə arasında əməkdaşlığın müdafiə sənayesi və texnologiya sahələrində genişləndirilməsi üçün imkanlar yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Koakerin ADEX-2026-da iştirakı yüksək səviyyəli siyasi dialoqun müdafiə sektorunda əməkdaşlığa da təsir etdiyini göstərir:
“Koakerin iştirakı, ilk növbədə, yüksək səviyyəli siyasi dialoqun müdafiə sektoruna proyeksiyası baxımından əhəmiyyətlidir. ADEX-də iştirak həmin xəttin davamı kimi qiymətləndirilə bilər. 18 Britaniya şirkətinin sərgidə iştirakı praktiki əməkdaşlıq üçün daha geniş platforma yaradır. ADEX-2026 çərçivəsində keçirilən ikitərəfli görüşlər və biznes əlaqələri hərbi-texniki əməkdaşlıq və birgə layihələrin müzakirəsinə imkan verir. 18 Britaniya şirkətinin iştirakı praktiki əməkdaşlıq üçün daha geniş platforma yaradır. Potensial istiqamətlərə müdafiə elektronikası, pilotsuz sistemlər, rabitə, kəşfiyyat və müşahidə, kibertəhlükəsizlik, süni intellekt, təlim və logistika texnologiyaları daxil ola bilər”.
Politoloq qeyd edib ki, müasir döyüş mühitində texnologiyaların rolu artdıqca Britaniyanın müdafiə innovasiyaları Azərbaycan üçün də maraq doğura bilər:
“Britaniyanın müdafiə innovasiyası proqramlarında avtonom sistemlər, süni intellekt, qərarvermə, logistika və müdafiə texnologiyaları prioritet istiqamətlərdəndir. Bu sahələr Azərbaycan üçün həm Silahlı Qüvvələrin texnoloji imkanlarının artırılması, həm də müdafiə sənayesində yeni istehsal və servis imkanlarının yaradılması baxımından əhəmiyyət daşıyır. ADEX-2026 çərçivəsində mümkün əməkdaşlığın konkret forması hələ tam açıqlanmayıb. Buna görə də indidən konkret müqavilələr və silah sistemləri barədə qəti nəticə çıxarmaq düzgün olmaz. Əməkdaşlığın təlim, müdafiə sənayesi, texnologiya transferi, birgə istehsal, texniki xidmət və innovasiya layihələri istiqamətində inkişaf etməsi üçün institusional zəmin mövcuddur”.
Güllüzar Nəbili