00:00:00
Yazar
Səmayə Səftərova
30.09.2026 21:23 16 2 dəq oxuma
Siyasət

Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir

Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir

Xorvatiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası Zaqrebdə keçirilib. “İnformator.az” "Report"un Balkan bürosuna istinadən xəbər verir ki, iclasa Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli həmsədrlik ediblər.

 

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin gələcək inkişafı, sənaye və energetika sahələrində əməkdaşlıq, biznes icmaları arasında əlaqələrin gücləndirilməsi, eləcə də ticarət və investisiyalar üçün yeni imkanların yaradılması məsələləri müzakirə olunub.

 

"Xorvatiya və Azərbaycan arasında çox yaxşı siyasi münasibətlər və strateji tərəfdaşlıq mövcuddur. İndi biz bu tərəfdaşlığın iqtisadi ölçüsünü daha da gücləndirmək istəyirik. Xorvatiyanın bilik, texnologiya və beynəlxalq təcrübəyə malik, Azərbaycan bazarında rəqabət apara biləcək şirkətləri var. Biz onları Azərbaycandakı tərəfdaşlarla daha sıx əlaqələndirmək, konkret biznes və investisiya layihələri üçün imkanlar yaratmaq istəyirik", – A. Şuşnyar bildirib.

 

Görüşdə həmçinin energetikanın Xorvatiya ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərdə mühüm yer tutduğu vurğulanıb. Tərəflər enerji sektorunda mövcud əməkdaşlığın davam etdirilməsi və daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Bununla yanaşı, sənaye, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, qida sənayesi və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu qeyd olunub.

 

Tərəflər Avropa ilə Asiya arasında nəqliyyat və logistika marşrutlarının inkişafını da müzakirə ediblər. Orta Dəhlizin inkişafının iki qitə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaratdığı bildirilib. Xorvatiya bu çərçivədə özünün nəqliyyat, logistika və infrastruktur imkanlarının prosesə cəlb olunması üçün potensial görür. Şuşnyar institusional əməkdaşlığın konkret iqtisadi nəticələrə yönəldilməsinin vacibliyini vurğulayıb.

 

"Hökumətlər və institutlar çərçivə yaradır və dəstək göstərirlər, lakin şirkətlər, sahibkarlar və investorlar imkanları davamlı iqtisadi əməkdaşlığa çevirirlər. Buna görə də biz Xorvatiya ilə Azərbaycan arasında daha çox birbaşa biznes tərəfdaşlığı, ticarət və investisiya layihələrinin həyata keçirilməsini istəyirik", – nazir bildirib. Tərəflər həmçinin turizm, mədəniyyət, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, təhsil, elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Bundan əlavə, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və dövlət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi məsələsi də gündəmdə olub.

 

İclasın sonunda A. Şuşnyar və A. Kərimli Xorvatiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasının Protokolunu imzalayıblar. Qeyd edək ki, Xorvatiya və Azərbaycan şirkətlərinin nümayəndələri arasında B2B görüşlər də keçirilib. Məqsəd iki ölkənin biznes icmaları arasında birbaşa əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının yaradılması olub.

#Xorvatiya #əməkdaşlıq #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər