00:00:00
Yazar
Zəhra Həsənova
20.08.2026 11:22 47 3 dəq oxuma
İqtisadiyyat

ABŞ Kanada mallarına tətbiq edilən tarifləri dayandırıb

ABŞ Kanada mallarına tətbiq edilən tarifləri dayandırıb

ABŞ Prezidenti Donald Tramp Kanada mallarına tətbiqi planlaşdırılan 50 faizlik gömrük tariflərini üç gün müddətinə dayandırıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, tariflərin tətbiqi üç gün sonraya təxirə salınıb:

 

“Hesab edirəm ki, hazırda bunu növbəti mərhələyə keçid kimi yozmaq lazımdır. Söhbət ABŞ Kanadanın bəzi mallarına tətbiq olunması nəzərdə tutulan 50 faizlik tariflərdən gedir. Hazırda təxminən 20 milyard dollarlıq idxaldan söhbət gedir və bu tariflərin tətbiqi üç gün sonraya təxirə salınıb. Hesab edirəm ki, bu üç gün ərzində müəyyən məsələlərin həlli, danışıqların aparılması və yaranmış düyünlərin açılması istiqamətində addımlar atılacaq. Görünür, tərəflər razılığa gəlmək üçün müəyyən imkanların yaranacağına ümid edir. Bildiyiniz kimi, tariflər ticarət danışıqlarında təzyiq vasitəsi kimi istifadə olunur. Donald Tramp hakimiyyətə gəldikdən sonra da bu üsuldan müxtəlif ölkələrə qarşı istifadə edilir. Əvvəlcə tariflərin tətbiqi gündəmə gətirilir, daha sonra isə danışıqlara başlanılır. Hazırkı vəziyyətdə də üç günlük möhlət bir növ Kanadaya verilmiş əlavə imkan kimi qiymətləndirilə bilər. Görünür, Kanada müəyyən məsələlərdə güzəştlərə getməyə hazırdır. ABŞ isə bu üç gün ərzində Kanadanın hansı güzəştlərə gedəcəyini qiymətləndirəcək və bundan sonra tarifləri tətbiq edib-etməyəcəyinə, tətbiq edəcəksə, hansı səviyyədə tətbiq olunacağına qərar verəcək. Kanada tərəfi də müəyyən güzəştlərə hazır olduğunu bildirib. Lakin bunların hamısı danışıqlar zamanı təsdiqlənməli və yekunlaşdırılmalıdır. Təbii ki, Kanada ABŞ-nin bütün tələblərini qəbul etmək istəmir. Görünür, kompromis yolu seçiləcək və tərəflər müəyyən məsələlərdə qarşılıqlı güzəştlərə gedəcəklər. Hazırkı proses bu şəkildə davam edərsə və 50 faizlik tarif tətbiq olunarsa, bu, kifayət qədər yüksək tarif olacaq. Məsələn, Azərbaycanda idxal tarifləri əsasən 0, 5, 10 və 15 faiz olmaqla dörd kateqoriyaya bölünür. Bununla müqayisədə 50 faizlik tarif olduqca yüksək göstəricidir”.

 

İqtisadçının sözlərinə görə, Kanada Ümumdünya Ticarət Təşkilatının üzvüdür və bu təşkilatın ilkin əsasını qoyan ölkələrdən biridir:

 

“Bu baxımdan, belə yüksək tarifin tətbiqinin iqtisadi nəticələri də kifayət qədər ciddi ola bilər. Əslində yüksək tariflər hər iki tərəf üçün itkilərə səbəb olur. Bu, bir növ ikitərəfli təzyiq vasitəsidir. ABŞ-nin əsas mesajı belədir: “Əgər istəyirsənsə, müəyyən məsələlərdə bir-iki addım geri çəkil”. Burada müəyyən mənada kimin nə qədər geri çəkiləcəyi və kimin mövqeyində nə qədər möhkəm dayanacağı ilə bağlı mübarizə gedir. Təbii ki, ilk növbədə Kanada iqtisadiyyatı bundan ciddi zərər görə bilər. Xüsusilə, ABŞ-yə ixrac edən Kanada şirkətləri çətin vəziyyətə düşəcəklər. Onların məhsullarına olan tələb azalacaq və nəticədə ABŞ Kanadadan daha az məhsul idxal edəcək. Bu isə həmin şirkətlərin gəlirlərinin azalmasına və bir qisminin fəaliyyətini dayandırmasına səbəb ola bilər. 50 faizlik tarif Kanada şirkətlərini rəqibləri ilə müqayisədə daha əlverişsiz vəziyyətə salır və onların rəqabət qabiliyyətini azaldır. Tariflərin tətbiqi bu xammalın bahalaşmasına, nəticədə isə ABŞ-də həmin məhsulları istehsal edən şirkətlərin xərclərinin artmasına gətirib çıxara bilər. Eyni vəziyyət kənd təsərrüfatı məhsullarına da aid edilə bilər. Yəni burada əslində hər iki tərəf itirir. Bu proses həm Kanada, həm də ABŞ üçün ciddi iqtisadi nəticələr yarada bilər. Kanada daha çox istehsalçılar baxımından, ABŞ isə əsasən istehlakçılar baxımından zərər görə bilər. Bununla yanaşı, Kanadadan xammal alan ABŞ şirkətləri də əlavə xərclərlə üzləşəcəklər”.

 

Müsahibin sözlərinə görə, şirkətlər idxal zamanı əsasən məhsulu ən ucuz hansı mənbədən əldə edə biləcəklərinə baxırlar:

 

“Lakin məhsulun qiymətinə daşınma xərcləri və idxal tarifləri də əlavə olunur. Əgər Kanadadan idxala tətbiq olunan tariflər ciddi şəkildə artırılarsa, idxalçılar alternativ mənbələr axtarmağa başlayacaqlar. Bu isə digər ölkələrin və alternativ təchizat kanallarının ABŞ bazarında rəqabət qabiliyyətini artıracaq. Nəticədə, qlobal təchizat zəncirində dəyişikliklər baş verə bilər. ABŞ-Kanada arasındakı ticarət əlaqələri zəifləyə, iki ölkə arasında mal dövriyyəsi azala bilər. Əvəzində digər ölkələrlə ticarət dövriyyəsi arta bilər. Əsas təsirlərdən biri də məhz bu ola bilər. Digər tərəfdən, Kanada ilə eyni və ya oxşar məhsulları istehsal edib ixrac edən ölkələr üçün bu vəziyyət əlavə imkanlar yarada bilər. Onlar ABŞ bazarında Kanadanın zəifləyən mövqeyindən istifadə edərək öz ixraclarını artıra bilərlər”.

 

Selcan Xudiyeva

#tarifləri #yeni #mallarına #tətbiq #edilən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər