00:00:00
Yazar
Güllər Gülhüseynova
24.08.2026 20:48 82 2 dəq oxuma
İqtisadiyyat

ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50%-lik rüsum tətbiq edir

ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50%-lik rüsum tətbiq edir

ABŞ və Kanada arasında ticarət gərginliyi yenidən gündəmə gəlib. ABŞ-nin Kanada məhsullarına yeni 50 faizlik rüsum tətbiq etməsi iki ölkə arasındakı iqtisadi münasibətlərə və Şimali Amerika ticarətinə mümkün təsirləri ilə diqqət çəkir.


"ABŞ-nin Kanada məhsullarına 50 faizlik yeni rüsum tətbiq etməsi ilk növbədə Kanada ixracatçıları üçün ciddi təzyiq yaradacaq. Hazırkı tədbir təxminən 20 milyard dollarlıq Kanada məhsulunu əhatə edir və Kanada ixracının ABŞ-yə yönələn hissəsinin təxminən 5 faizinə təsir göstərir. Kanada da buna cavab olaraq ABŞ məhsullarına dollar-dollara qarşı rüsum tətbiq etmək qərarı verib".


Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, iqtisadi baxımdan ilk nəticə məhsulların bahalaşması və ticarət həcminin azalması ola bilər. Kanada şirkətləri ABŞ bazarında rəqabət qabiliyyətini itirə, bir hissəsi qiyməti aşağı salaraq rüsumun yükünü öz üzərinə götürə, digər hissəsi isə bunu istehlakçıya ötürə bilər:


"Eyni zamanda ABŞ şirkətləri də Kanada xammalı və komponentlərindən istifadə edirsə, onların istehsal xərcləri yüksələ bilər. Bu səbəbdən rüsum yalnız Kanada iqtisadiyyatına deyil, müəyyən sahələrdə ABŞ istehsalçısına və istehlakçısına da əlavə xərc yaradır. Daha ciddi məsələ isə bunun Şimali Amerikanın uzun illər ərzində formalaşmış inteqrasiya olunmuş istehsal zəncirlərinə təsiridir. ABŞ, Kanada və Meksika arasında avtomobil, kənd təsərrüfatı, sənaye və digər sahələrdə məhsullar bir neçə dəfə sərhədi keçərək istehsal prosesində iştirak edir. Bu əlaqələrə əlavə rüsumlar tətbiq edildikcə şirkətlər tədarük zəncirlərini yenidən qurmağa məcbur ola bilərlər. Bu isə həm xərcləri, həm də qeyri-müəyyənliyi artırır.
Meksika üçün də proses əhəmiyyətlidir". 


Müsahibimizin sözlərinə görə, ABŞ və Kanada arasında ticarət müharibəsinin dərinləşməsi Meksikaya müəyyən məhsullar üzrə ABŞ bazarında əlavə imkanlar yarada bilər. Şirkətlər Kanada məhsullarının əvəzinə Meksikadan tədarükə keçə bilərlər. Amma digər tərəfdən, ABŞ-Meksika-Kanada ticarət sistemində qeyri-müəyyənliyin artması Meksikaya da mənfi təsir göstərə bilər:


"Xüsusilə ABŞ-Meksika-Kanada sazişinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik investisiya qərarlarını çətinləşdirə bilər. Məncə, əsas təhlükə hazırkı 20 milyard dollarlıq məhsula tətbiq edilən rüsumun özündən daha çox, bunun daha geniş ticarət qarşıdurmasına çevrilməsidir. Əgər ABŞ və Kanada qarşılıqlı rüsumları genişləndirsələr və bu proses USMCA-nın (ABŞ, Meksika və Kanada arasında bağlanmış Şimali Amerika ticarət sazişid) gələcəyinə də təsir göstərsə, nəticədə bütün Şimali Amerika iqtisadiyyatında xərclər yüksələ, investisiyalar zəifləyə və istehsal zəncirlərinin yenidən qurulması sürətlənə bilər. Bu isə üç ölkənin də uzunmüddətli iqtisadi maraqlarına uyğun deyil".


Zəhra Möhübbətova

#edir #bəzi #kanadadan #tətbiq #olunan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər