00:00:00
Yazar
Ayan Sadi
23.09.2026 22:26 85 2 dəq oxuma
Dünya

ABŞ Makronun Hörmüz təklifinə əvvəlki mövqeyi ilə cavab verə bilər 

ABŞ Makronun Hörmüz təklifinə əvvəlki mövqeyi ilə cavab verə bilər

 

 

Yaxın Şərqdə gərginliyin qlobal enerji bazarlarına təsiri fonunda Fransanın Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsinə dair mövqeyi yenidən gündəmə gəlib. Paris yalnız müdafiə xarakterli olması şərtilə beynəlxalq əməliyyatda iştirak etməyə hazır olduğunu açıqlayıb. Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, məqsəd hər hansı dövlətlə qarşıdurmaya girmək deyil, qlobal təchizat zəncirinin təhlükəsizliyini təmin etməkdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elşən Mustafayev bildirib ki, Makron bu təklifi ilk dəfə səsləndirmir.

 

“Fransa Hörmüz boğazında təhlükəsizliyin təmin olunması prosesində iştirak edə biləcəyini daha əvvəl də bildirmişdi. Amma bunu müəyyən şərtlərlə irəli sürmüşdü. Şərt ondan ibarət idi ki, İranla ABŞ arasında sülh əldə olunsun, müharibə dayandırılsın və tərəflər, o cümlədən ABŞ ilə birlikdə, Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində hərbi gəmilərdən istifadə etsinlər. Həmin vaxt Trampın buna reaksiyası müsbət olmamışdı. Makrona İrana qarşı aparılan hərbi əməliyyatlardan imtina məsələsi xatırladılmışdı”, – deyə ekspert qeyd edib.

 

Elşən Mustafayev vurğulayıb ki, Makron əvvəlki mövqeyini yenidən gündəmə gətirməyə çalışır.

 

“Trampın özü yox, sözçüləri və ona yaxın media vasitəsilə Makrona həmin vaxt cavab verilmişdi ki, proseslərdə itki verən və əziyyət çəkən ABŞ-ın hər şey qaydasına düşdükdən sonra nəticədən bəhrələnmək istəyən Fransa ilə belə addımlara getməsi gözlənilmir”, – deyə siyasi şərhçi bildirib.

 

Ekspertin sözlərinə görə, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilə bağlı razılaşma əldə edilərsə, tankerlərin boğazdan keçidi üçün daha əlverişli şərait yarana bilər.

 

“Əgər İran razılaşarsa və ya ABŞ özü həmin təhlükəsizliyi təmin edərsə, dünya ölkələri tankerlərlə boğazdan daha rahat keçə biləcəklər. Ona görə də hesab edirəm ki, Ağ Evin və ya Tramp administrasiyasının Makrona cavabı, əgər olacaqsa, əvvəl səsləndirilən mövqedən fərqli olmayacaq”, – deyə Elşən Mustafayev əlavə edib.

 

Mehriban Yariyeva

#hörmüz #baki #cavab #əvvəlki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər