ABŞ neft şirkətlərinin səhmləri Trampın Venesuela ilə bağlı açıqlamalarından sonra bahalaşıb
ABŞ-nin aparıcı neft və neft emalı şirkətlərinin səhmləri Prezident Donald Trampın Venesuelanın neft sektoruna mümkün çıxışla bağlı bəyanatları fonunda əhəmiyyətli dərəcədə artıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Şaban Nəsirov bildirib ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi təkcə Maduronun insan haqlarını pozması və narkotik ticarəti ilə bağlı deyil:
"Dünyada çox ölkələr var ki, insan haqlarına önəm vermir, amma ABŞ yalnız strateji maraqları üçün hərəkət edir. Hazırkı vəziyyətdə, Rusiya-Ukrayna müharibəsi Rusiyanı zəiflədib və Tramp üçün Venesuelaya xüsusi əməliyyatla müdaxilə üçün əlverişli şərait yaradıb və bu şəraitdən maksimum istifadə edib.
ABŞ əsgərləri Maduronu həbs edərək Amerikaya aparıb və bunu xalqın qarşıdurma hiss etməyəcəyi şəkildə həyata keçirib. Məqsəd Venesuela neftinə maneəsiz, xalqla qarşıdurmaya getmədən nəzarəti ələ keçirməkdir. Dünyada ən çox neft ehtiyatına malik Venesuela (təxminən 300 milyard barel) əvvəllər əsas ixracatını Rusiya və Çinə edib, bu isə ABŞ-nin strateji maraqlarına zərbə idi. Hərbi müdaxilə qlobal bazarda şok effekti yaradıb: neft qiymətləri qalxıb və ABŞ neft şirkətlərinin səhmlərinə maraq artıb. Beləliklə, Venesuela neftinə nəzarət həm qlobal bazar, həm də amerikalı şirkətlər üçün strateji üstünlüyü təmin edir.
Maduronu ABŞ-nin tutmasından sonra Venesuelada yaranan vəziyyət qlobal neft bazarına birbaşa təsir göstərir. Qısa müddətdə ölkədə hakimiyyət boşluğu və qeyri-sabitlik neft hasilatı və ixracının müvəqqəti dayanmasına səbəb olur, bu da Brent və WTI neftinin qiymətinin qalxması ilə nəticələnir və investorların ABŞ şirkətlərinin səhmlərinə marağını artırır. Orta müddətdə isə Chevron, ExxonMobil və digər ABŞ şirkətləri Venesuelada hasilatı bərpa edib nefti bazara tədricən çıxara bilərlər ki, bu da qlobal təklifin artmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Eyni zamanda, Çin və Rusiya ilə bağlanan müqavilələr yenidən nəzərdən keçiriləcək ki, bu da onların təsirini azaldacaq, OPEC+ isə vəziyyəti izləyərək kvotaları tənzimləyə bilər. Uzun müddətdə Venesuela gündəlik istehsalını bərpa etdikcə qlobal neft təklifi artacaq və qiymətlər tədricən stabilləşəcək. Beləliklə, ABŞ neft şirkətlərinin Venesuelaya qayıdışı həm bazar gəlirləri, həm də strateji üstünlük baxımından əhəmiyyətli rol oynayır. Venesuelanın ağır nefti ABŞ neft emalı zavodları üçün həm strateji üstünlüklər, həm də müəyyən risklər yaradır. Üstünlüklərdən biri odur ki, ağır neft, xüsusilə yüksək kükürd tərkibli neft, ABŞ-nin bəzi emal zavodları üçün ideal xammaldır, çünki bu zavodlar xüsusi texnologiya ilə ağır nefti yüngül neft məhsullarına çevirmək imkanına malikdir. Bu, ABŞ şirkətlərinə daha yüksək keyfiyyətli yanacaq məhsulları istehsal etməyə və bazarda rəqabət üstünlüyü əldə etməyə imkan verir. Digər üstünlük odur ki, Venesuelanın nefti ABŞ-nin öz enerji təhlükəsizliyi strategiyası baxımından strateji ehtiyat rolunu oynaya bilər, beləliklə, xarici bazarlardan asılılıq bir qədər də azaldılır.
Eyni zamanda, ağır neftin istifadəsi müəyyən risklərə də yol açır. Birincisi, emal texnologiyası yüksək investisiya tələb edir və bəzi zavodlar bu növ neftin işlənməsi üçün tam formalaşmayıb. İkincisi, Venesuela neftinin sabit ixracı ABŞ üçün siyasi və logistik risklər yaradır; ölkədə qeyri-sabitlik və ya ixracın dayanması emal zavodlarının fəaliyyətini çətinləşdirə bilər. Üçüncüsü, Venesuela neftinin əsas alıcıları əvvəllər Rusiya və Çin olub, ABŞ-nin bazara çıxışı siyasi və diplomatik faktorlarla sıx bağlıdır, bu da qiymət və təchizat risklərini artırır.
Beləliklə, Venesuelanın ağır nefti ABŞ emal zavodları üçün strateji üstünlüklər və yüksək gəlir imkanları yaratsa da, sabit təchizat və siyasi risklər də diqqətə alınmalıdır.Uzunmüddətli perspektivdə Maduronun ABŞ-nin tutması və Venesuelaya ABŞ neft şirkətlərinin mümkün qayıdışı həm enerji təhlükəsizliyi, həm də regiondakı geosiyasi balanslar baxımından əhəmiyyətli təsirlər yarada bilər. Bir tərəfdən, Venesuela dünyanın ən böyük neft ehtiyatlarından birinə malik olduğundan, ABŞ şirkətlərinin bu resurslara çıxışı ölkənin enerji təchizatının etibarlılığını gücləndirir və xarici bazarlardan asılılığı azaldır. Bu isə ABŞ üçün strateji enerji təhlükəsizliyinin möhkəmlənməsi deməkdir.
Digər tərəfdən, ABŞ-nin Venesuelada təsirini artırması Latın Amerikası regionunda geosiyasi balansı dəyişdirə bilər. Ənənəvi olaraq Rusiya və Çin Venesuelanı dəstəkləyirdi, ABŞ-ın müdaxiləsi isə onların regiondakı nüfuzunu zəiflədə və ABŞ-yə strateji üstünlük verə bilər. Bu, həm də digər regional aktorlar üçün siqnal təsiri yaradaraq, Region dövlətləri ABŞ-nin enerji və təhlükəsizlik maraqlarına uyğun siyasət yürütməyə məcbur olacaqlar.
Yekunda onu demək olar ki, Venesuelaya ABŞ şirkətlərinin çıxışı uzunmüddətli perspektivdə həm enerji təhlükəsizliyini gücləndirir, həm də Latın Amerikası və qlobal geosiyasi balanslarda ABŞ-nin mövqeyini möhkəmləndirir".
Aişə Mustafayeva
