ABŞ-nin faiz dərəcəsini endirməsinin dünya iqtisadiyyatına təsiri
Faizlərin azalması ABŞ-də dollar aktivlərindən gəliri azaldır.
Məsələ ilə bağlı iqtisadiyyatçı Akif Nəsirli " İnformator.az"a açıqlamasında bildirib ki, kapitalın inkişaf etməkdə olan bazarlara və riskli aktivlərə (aksiyalar, xammallar) axmasına səbəb ola bilər:
"Neft, qızıl və digər xammallar adətən dollarla qiymətləndirilir. Dollar zəiflədikcə bu malların qiyməti yüksəlir, çünki digər valyuta sahibləri üçün daha ucuz olur.Kreditin ucuzlaşması dünya üzrə tələbi stimullaşdıra bilər. Çünki ABŞ iqtisadiyyatı hələ də qlobal iqtisadiyyatın “lokomotivi” hesab olunur.Əgər bu addım iqtisadiyyatda durğunluq və ya böhran təhlükəsi səbəbindən atılıbsa, dünya bazarlarında etimad azalması da müşahidə oluna bilər".
Həmçinin ekspert vurğulayır ki, dolların digər valyutalara qarşı mövqeyi normalda faiz dərəcəsi enəndə dolların gəlirliliyi azalır, bu da onu avro, yen, funt kimi valyutalara qarşı zəiflədir:
"Əgər Avropa Mərkəzi Bankı və ya Yaponiya Bankı da oxşar yumşaldıcı siyasət yürüdürsə, dollar çox da zəifləməyə bilər.
Əgər FED-in bu addımı ABŞ iqtisadiyyatını dirçəldəcəyi kimi qəbul edilərsə, orta müddətdə dollar yenidən güclənə də bilər. Aşağı faizlər şirkətlərin borclanmasını ucuzlaşdırdığı üçün adətən fond bazarlarını canlandırır. ABŞ indeksləri (S&P 500, Nasdaq) buna müsbət reaksiya verə bilər. Dövlət istiqrazlarının gəlirliliyi azalacaq, çünki faizlər enir. Amma qiymətləri qalxa bilər (çünki qiymət və faiz tərs mütənasibdir). Qızılın və bitkoin kimi riskli aktivlərin dəyəri artmağa meylli olur, çünki investorlar alternativ gəlir axtarır. İnkişaf etməkdə olan ölkələrin valyutaları və fond bazarları müsbət təsirlənə bilər, çünki kapital axını arta bilər".
Gülcan Salahova
