“ABŞ nüvə sınaqlarına başlasa, adekvat addım atacağıq”— Sergey Ryabkov
Moskva nüvə sınaqlarına qoyulan moratoriuma ciddi şəkildə sadiq qaldığını bildirir.Lakin ABŞ və ya digər ölkələr bu öhdəliyi pozacağı təqdirdə, buna uyğun cavab veriləcəyini Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.
O, “Trialogue” Beynəlxalq Klubunun iclasında çıxış edərkən qeyd edib:
“Rusiya öz növbəsində 1990-cı ildə elan edilmiş milli nüvə sınaqları moratoriumuna qəti şəkildə riayət edir. Lakin ABŞ və digər ölkələr belə sınaqlar keçirərsə, Rusiya adekvat və proporsional cavab verəcək”.
Ryabkov əlavə edib ki, Vaşinqtonun nüvə sınaqlarının bərpası ilə bağlı səsləndirdiyi bəyanatlar “Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi”nə ciddi zərbə vura bilər:
“Biz əminik ki, belə bir addım bu sahədə zəncirvari reaksiyaya səbəb olacaq. Bu isə nüvə silahına malik olan bir sıra ölkələri- o cümlədən “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nə qoşulmayan dövlətləri- tammiqyaslı nüvə sınaqları keçirməyə sövq edə bilər”.
TASS
Nuray Əliyeva