ABŞ-Rusiya gərginliyi qlobal iqtisadiyyata necə təsir edir?
ABŞ Prezidenti Donald Tramp Rusiya gəmilərinin Amerika limanlarına girişinə qoyulan qadağanın bir il müddətinə uzadılması barədə qərar verib. Müvafiq bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilib.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, uzun müddətdir ABŞ və Rusiya arasında baş verən geosiyasi gərginlik dünya iqtisadiyyatında bir çox hadisələrin baş verməsinə səbəb olub:
“İki ölkə arasında baş verən gərginlik digər ölkələrin hərəkət marşrutunun dəyişməsi, iqtisadi qərarlarını dəyişməsinə şərait yaradıb. Ticari tərəfdaşlığın dəyişməsi, alternativ bazarlara yönəlmə, enerji qiymətlərinin yüksəlməsi və s. səbəblər var. Rusiya gəmilərinə qoyulan qadağaların uzadılması bu sahədə qiymətlərin yüksəlməsinə şərait yaradır. Bu addımın beynəlxalq ticarət marşrutlarına təsirinə qaldıqda isə hər ölkənin təsirə davamlılığı fərqlidir. ABŞ ilə yüksək ticari əməkdaşlığı olan ölkələr Rusiyayla ticarətdən imtina edir, digərləri isə tam əksinədir. Əslində tam əksinə qeyd olunan ölkələr isə güclü iqtisadiyyata malik olan və ya alternativ ölkə vasitəsilə Rusiya ilə əməkdaşlıq edən ölkələrdir. ABŞ-nin qərarının digər ölkələr üçün presedent yarada bilməsinə qaldıqda isə ölkələrə görə bu situasiya dəyişir. Qərb ölkələri üçün fərqli, inkişaf etməkdə olan bir sıra ölkələr, xüsusilə Asiya ölkələri üçün isə vəziyyət fərqlidir”.
Nuray Əliyeva