ABŞ-Rusiya-Ukrayna danışıqlarında ərazi məsələsi üzrə razılıq əldə olunmayıb
ABŞ, Rusiya və Ukrayna arasında aparılan danışıqlarda müharibənin taleyinə təsir edə biləcək əsas məsələlərdən biri – ərazi məsələsi üzrə ortaq mövqeyə gəlmək mümkün olmayıb. Bu vəziyyət sülh danışıqlarının perspektivləri və müharibənin diplomatik yolla başa çatdırılması ilə bağlı sualları yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyasi şərhçi Telman İsa bildirib ki, ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratların Konqresdə üstünlük qazanması Ukraynaya dəstəyin davam etdirilməsi üçün əlavə imkanlar yarada bilər:
"Rusiya Donbasın, xüsusilə Donetsk vilayətinin tam nəzarətə götürülməsini tələb edir. Ukrayna isə suveren ərazilərindən imtinanı dövlətçiliyi və milli təhlükəsizliyi üçün qəbuledilməz hesab edir. Krım və digər işğal olunan ərazilərin statusu da danışıqları çətinləşdirən əsas məsələlərdəndir. Beləliklə, ərazi güzəşti hər iki tərəf üçün yalnız siyasi deyil, həm də strateji və təhlükəsizlik məsələsidir".
Onun fikrincə, bu hərbi və maliyyə yardımının ayrılması, Rusiyaya qarşı sanksiyaların saxlanılması və Ukraynanın diplomatik mövqeyinin müdafiəsi baxımından əhəmiyyətlidir:
"ABŞ hər iki tərəfə ciddi təsir imkanlarına malikdir. Vaşinqton Ukraynaya hərbi, maliyyə və siyasi dəstək göstərməklə, Rusiyaya qarşı isə sanksiyalar və diplomatik təzyiq mexanizmləri ilə təsir edə bilər. Lakin bu imkanlar tərəfləri danışıqlar masasına gətirsə də, fundamental maraqlarından imtina etməyə məcbur etmək üçün kifayət etmir. Əsas məsələ hər iki tərəfin qəbul edə biləcəyi təhlükəsizlik təminatlarının və siyasi kompromis modelinin tapılmasıdır".
Sonda o bildirib ki, yaxın zamanda sülh razılaşmasının əldə olunmasını real hesab etmir:
"Onun sözlərinə görə, noyabrın 10-11-də Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda müəyyən irəliləyişlər və əsirlərin mübadiləsi ilə bağlı razılaşma əldə olunsa da, ərazi və təhlükəsizlik məsələlərində ciddi fikir ayrılıqları qalmaqdadır. Daha real ssenari ilkin mərhələdə atəşkəsin təmin edilməsi, humanitar razılaşmaların əldə olunması və hərbi eskalasiyanın məhdudlaşdırılmasıdır. Davamlı sülh isə qarşılıqlı güzəştlərdən və Ukraynanın gələcək təhlükəsizliyinə etibarlı təminatların verilməsindən asılıdır".

Fatimə İbrahimova