SEPAH: İki neft tankerinin Hörmüz boğazından qanunsuz keçməsinin qarşısı alınıb
Hörmüz boğazından qanunsuz yolla keçməyə cəhd edən iki neft tankerinin partlayış nəticəsində hərəkətsiz qalıb və tankerlərdə yanğın olub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Hörmüz boğazında iki neft tankerinin partlayış nəticəsində hərəkətsiz qalması və yanğın baş verməsi ilə bağlı SEPAH-ın açıqlaması regionda hərbi-siyasi gərginliyin son dərəcə təhlükəli mərhələyə çatdığını göstərir:
"Əgər hadisənin təfərrüatları müstəqil mənbələr tərəfindən təsdiqlənərsə, bu, qarşıdurmanın artıq yalnız hərbi obyektlər və diplomatik təzyiqlərlə məhdudlaşmadığını, beynəlxalq enerji daşımalarının təhlükəsizliyinə birbaşa təsir göstərdiyini nümayiş etdirəcək. Hörmüz boğazı dünya enerji bazarının strateji əhəmiyyətli nəqliyyat arteriyalarından biridir və burada baş verən hər bir insident neft qiymətlərinə, sığorta xərclərinə və qlobal təchizat zəncirinə təsir göstərə bilər. Xüsusilə tankerlərdə partlayış və yanğın faktının gündəmə gəlməsi İranın tətbiq etdiyi məhdudiyyətlərin beynəlxalq gəmiçilik üçün nə dərəcədə ciddi təhlükə yaratdığını ortaya qoyur".
Əlavə olaraq politoloq bildirib ki, bu vəziyyət ABŞ və onun regional müttəfiqlərinin dəniz təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha sərt addımlar atması ehtimalını da artırır:
"İranın Hörmüz boğazında nəzarəti gücləndirməsinin arxasında ilk növbədə ABŞ-nin iqtisadi və hərbi təzyiqlərinə qarşı strateji təsir vasitəsi formalaşdırmaq niyyəti dayanır. Tehran anlayır ki, ən həssas geosiyasi məqamlardan biri qlobal enerji təhlükəsizliyidir və bu amildən Vaşinqtonun qərarlarına təsir göstərmək üçün istifadə etməyə çalışır. Bununla yanaşı, İran boğazdakı hərəkətə müdaxilə etməklə Körfəz ölkələrinə də mesaj verir və onların ABŞ ilə təhlükəsizlik əməkdaşlığının müəyyən risklər doğura biləcəyini nümayiş etdirmək istəyir".
Nəticə olaraq bildirib ki, bu siyasət İran üçün ciddi əks-nəticələr yarada bilər:
"Beynəlxalq gəmiçiliyə təhlükənin artması Tehrana qarşı daha geniş diplomatik koalisiyanın formalaşmasını, əlavə iqtisadi məhdudiyyətlərin tətbiqini və ABŞ-nin regiondakı hərbi mövcudluğunun gücləndirilməsini sürətləndirə bilər. Nəticə etibarilə, İranın Hörmüz üzərində nəzarəti siyasi təzyiq alətinə çevirmək cəhdi onun regional mövqelərini gücləndirməkdən daha çox, beynəlxalq təcridini dərinləşdirmək və yeni hərbi qarşıdurma risklərini artırmaq potensialına malikdir".
Səadət Əlizadə