"ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib"
ABŞ narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Şərqi Sakit okeanda əməliyyat keçirib. Əməliyyat zamanı narkotik daşıdığı bildirilən gəmi məhv edilib. Hadisə regionda narkotik ticarətinə qarşı mübarizə və ABŞ-nin təhlükəsizlik siyasəti məsələlərini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, bu əməliyyatların arxasında ABŞ-nin dünya okeanlarında hegemon mövqeyini qorumaq niyyəti də dayanır:
"Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin dünya okeanlarında keçirdiyi əməliyyatların bir qismi narkotik ticarətinə, insan qaçaqmalçılığına və qanunsuz ticarətə qarşı mübarizə kimi təqdim olunur.
Təsadüfi deyil ki, ABŞ dünyanın ən böyük təyyarədaşıyan donanmalarından birinə malikdir. Rusiya kimi özünü supergüc hesab edən dövlətin isə cəmi bir təyyarədaşıyan gəmisi var. Həmin gəmi də son aylarda istismardan çıxarılıb. Çinin də təyyarədaşıyan gəmilərinin sayı ABŞ-lə müqayisədə azdır.
ABŞ dünyanın ən güclü hərbi donanmasına malik olduğu üçün dünya okeanlarındakı üstünlüyünü itirmək istəmir. Narkotik ticarətinə qarşı mübarizə adı altında həyata keçirilən bu əməliyyatlar həm həmin qanunsuz fəaliyyətlərin qarşısını almağa, həm də ABŞ-nin okeanlardakı hegemon mövqeyini qoruyub saxlamağa xidmət edir.
Eyni zamanda, vurulan gəmilərin heç də hamısının narkotik ticarəti ilə məşğul olduğunu düşünmək olmaz. Bəzi hallarda narkotik ticarətində şübhəli bilinən gəmilər yanlışlığın qurbanı ola bilər. Buna görə də ABŞ-nin əməliyyatları ikili məqsəd daşıya bilər: narkotik ticarətinə qarşı mübarizə aparmaq və dünya okeanlarında hegemon mövqeyini qorumaq".
Ayan Məmmədzadə