ABŞ-İran qarşıdurması: Yeni müharibə ehtimalı nə qədər realdır?
ABŞ Prezidenti Donald Trampın İrana yenidən hərbi zərbələr endirilə biləcəyi ilə bağlı açıqlamaları regionda mümkün yeni müharibə ehtimalını gündəmə gətirib. Tərəflər arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları və danışıqlarda irəliləyişin əldə olunmaması vəziyyəti daha da mürəkkəbləşdirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Trampın hərbi zərbələrlə bağlı açıqlamaları İranı danışıqlarda güzəştə getməyə məcbur etmək məqsədi daşıya bilər:
"ABŞ-də keçiriləcək aralıq seçkilər də mümkün hərbi müdaxilə qərarına təsir edən amillərdəndir. Belə ki, İrana qarşı yeni hücum enerji bazarlarında qeyri-sabitliyi artıra və ABŞ-nin daxili siyasi vəziyyətinə mənfi təsir göstərə bilər. Bununla belə, hərbi müdaxilə ehtimalını tamamilə istisna etmək olmaz. Trampın mövqeyi Tehrana seçim təqdim etmək kimi qiymətləndirilə bilər: ya ABŞ-nin şərtləri qəbul edilməli, ya da yeni hücum riski ilə üzləşilməlidir. Tərəflər arasındakı əsas fikir ayrılıqlarından biri İranın nüvə proqramıdır. Vaşinqton Tehranın nüvə potensialını məhdudlaşdırmasını tələb edir, İran isə bu imkanları qorumağa çalışır. İran nüvə proqramını dinc məqsədlərlə əlaqələndirsə də, mövcud regional şəraitdə nüvə potensialını xarici təhdidlərə qarşı çəkindirmə vasitəsi kimi də qiymətləndirə bilər. Siyasi şərçinin fikrincə, tərəflərin mövqeləri arasında ciddi fərqlər olduğuna görə razılaşma əldə etmək çətinləşir və problemin həlli qarşılıqlı güzəştlərdən asılıdır".
Asif Nərimanlı vurğulayıb ki, ABŞ ilə İran arasında yeni hərbi qarşıdurma baş verərsə, bunun nəticələri iki ölkə ilə məhdudlaşmaya bilər:
"İranın regiondakı ABŞ hərbi bazalarını hədəfə alma ehtimalı Fars körfəzi ölkələrinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Eyni zamanda, Hörmüz boğazında mümkün gərginlik beynəlxalq enerji daşımalarına təsir göstərə bilər. Nərimanlının qənaətinə görə, danışıqların uzanması da tərəflərin hesablamalarında mühüm rol oynayır. İran bu prosesdən hərbi imkanlarını bərpa etmək və beynəlxalq dəstəyini gücləndirmək üçün vaxt qazanmaq məqsədilə istifadə edə bilər. ABŞ və İsrail isə Tehranın mövqelərini möhkəmləndirməsinə imkan vermək istəməyə bilər. Buna görə də danışıqların nəticəsi, tərəflərin güzəştə hazır olub-olmaması və regional vəziyyət gələcəkdə hərbi qarşıdurmanın baş verib-verməyəcəyini müəyyənləşdirən əsas amillər olacaq.
Güllüzar Nəbili