00:00:00
Yazar
Nərmin Həşimova
28.10.2026 18:59 37 2 dəq oxuma
Siyasət

Münaqişədən sülhə keçid: Azərbaycanın təcrübəsi beynəlxalq əhəmiyyət daşıyır

Münaqişədən sülhə keçid: Azərbaycanın təcrübəsi beynəlxalq əhəmiyyət daşıyır

Müasir dövrdə münaqişələrin hərbi mərhələdən siyasi dialoqa keçirilməsi və davamlı sülhün təmin olunması beynəlxalq münasibətlərin əsas çağırışlarından biridir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi müharibədən sonrakı dövrdə regional sabitliyin təmin olunması baxımından diqqət çəkir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, münaqişələrin danışıqlar yolu ilə həlli üçün tərəflərin siyasi iradə nümayiş etdirməsi, kənar müdaxilələrin azalması və qarşılıqlı etimadın formalaşması vacibdir:

 

"Geosiyasi maraqların ön plana çıxması və xarici qüvvələrin münaqişələrdən öz məqsədləri üçün istifadə etməsi sülh prosesini çətinləşdirir. Münaqişə tərəflərinin hərbi qarşıdurmadan dialoqa keçməsi üçün ilk növbədə danışıqlara hazır olduqlarını konkret addımlarla göstərmələri lazımdır. Eyni zamanda, təhlükəsizlik təminatları yaradılmalı, qarşılıqlı etimadın formalaşmasına şərait yaradılmalıdır. Azərbaycanın təcrübəsinə nəzər saldıqda görürük ki, ölkəmiz 30 il ərzində münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması və mövcud vəziyyəti qorumağa yönələn mövqeyi problemin həllini çətinləşdirirdi. BMT Təhlükəsizlik Şurasının qətnamələri də uzun müddət icra olunmadı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh təşəbbüsləri ilə çıxış etdi. Bu baxımdan Azərbaycanın təcrübəsi münaqişələrin hərbi mərhələsindən sonra siyasi dialoqa keçidin öyrənilməsi üçün əhəmiyyətlidir”.

 

Elmir Səftərov qeyd edib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında həlledici rol oynayıb:

 

"Hərbi qarşıdurmanın başa çatması davamlı sülhün təmin olunması üçün kifayət deyil. Azərbaycanın təcrübəsini beynəlxalq səviyyədə öyrənərkən hər bir münaqişənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmalıdır. Kənar müdaxilələr, geosiyasi maraqlar və ərazi mübahisələri münaqişələrin uzun müddət davam etməsinə səbəb ola bilər. Buna görə də hərbi mərhələnin nəticələri ilə yanaşı, müharibədən sonrakı diplomatik proseslər, sülh təşəbbüsləri və regional əməkdaşlıq imkanları da qiymətləndirilməlidir. Münaqişəyə başlamaq bəzən qısa müddətdə mümkün olsa da, onun başa çatdırılması və davamlı sülhün qurulması daha mürəkkəb prosesdir. Bunun üçün tərəflərin siyasi iradəsi, beynəlxalq hüquqa hörmət və qarşılıqlı anlaşma əsas şərtlərdir”.

 

Güllüzar Nəbili

#sülhə #beynəlxalq #azərbaycanın #keçid:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər