ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirib
ABŞ ordusu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) "Hörümçək toru" əməliyyatını yenidən canlandırıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Defense One” jurnalı məlumat yayıb.
“ABŞ ordusu Floridada "Clear Horizon" (“Təmiz Üfüq”) təlimi zamanı 2025-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Rusiya strateji aviasiya qüvvələrinə qarşı həyata keçirilən dron hücumunu yenidən qurub.
Pentaqonun Antidron Mərkəzinin rəhbəri briqada generalı Mett Ross qeyd edib ki, bu əməliyyatın yenidən həyata keçirilməsi ABŞ-nin dron əleyhinə strategiyasını dəyişdirdi.
Rossun sözlərinə görə, təlim iştirakçılarına Ukrayna hərbçiləri tərəfindən təlimat verilib. Simulyasiya edilmiş hücum zamanı ABŞ operatorları ən kiçikdən ən böyük modelə qədər müxtəlif dronlardan - maneələrə qarşı möhkəmləndirilmiş, radar aşkarlamasından yayınmağa qadir olan və LTE mobil şəbəkələri vasitəsilə idarə olunan - istifadə ediblər. Bu, Koloradodakı operatorlara Floridadakı hədəflərə hücum etməyə imkan verdi. Ross əlavə edib ki, Amerika ordusu üçün ilk dəfədir ki, belə bir şey mümkün olub”, - məlumatda qeyd olunub.