“Abşeron” yatağına 4,2 milyard dollar sərmayə
“Abşeron” qaz yatağının tammiqyaslı işlənməsi üçün 4,2 milyard dollar sərmayə tələb olunur. Layihənin Azərbaycanın enerji sektoruna və qaz hasilatına töhfə verməsi gözlənilir.
Mövzu ilə bağlı "Liberal İqtisadçılar Mərkəzinin" sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım Azərbaycanın qaz hasilatının artırılması baxımından da mühüm layihələrdən biridir:
“Hazırda yataqdan hasilat həyata keçirilir və 2026-cı ilin ilk yarısında “Abşeron”dan 0,8 milyard kubmetr qaz və 0,3 milyon ton kondensat hasil olunub. Energetika Nazirliyi tammiqyaslı işlənmə mərhələsinə keçidlə hasilatın təxminən üç dəfə artırılmasının gözlənildiyini bildirir. Belə iri layihə yeni hasilat quyularının qazılması, dənizdə hasilat və texnoloji infrastrukturun genişləndirilməsi, qazın sahilə və mövcud nəql sisteminə çatdırılması, həmçinin yatağın uzunmüddətli və təhlükəsiz istismarını təmin edən qurğuların yaradılmasına yönələcək. Bu investisiyanın Azərbaycan üçün əsas iqtisadi nəticəsi əlavə qaz həcmlərinin yaranması olacaq. Hazırda Azərbaycanın qaz hasilatında əsas yük “Şahdəniz”in üzərindədir. 2026-cı ilin ilk yarısında ölkədə 25,4 milyard kubmetr qaz hasil edilib və bunun 13,7 milyard kubmetri “Şahdəniz”, 0,8 milyard kubmetri isə “Abşeron”un payına düşüb. “Abşeron”un tam gücə yaxınlaşdırılması ümumi hasilat strukturunda yatağın çəkisini artıracaq və Azərbaycanın həm daxili bazarın təminatında, həm də ixracda əlavə qaz mənbəyinə malik olmasına imkan verəcək”.
Akif Nəsirli qeyd edib ki, burada əsas məsələ yalnız qazın həcminin artması deyil. Əlavə hasilat Azərbaycanın ixrac imkanlarını genişləndirə, mövcud qaz müqavilələrinin icrasını daha rahat təmin edə və yeni bazarlara çıxış üçün əlavə resurs yarada bilər:
“Energetika Nazirliyi də “Abşeron”un tammiqyaslı işlənməsini Azərbaycanın uzunmüddətli qaz hasilatı və enerji təchizatçısı mövqeyinin möhkəmləndirilməsi baxımından prioritet layihələr sırasında göstərir. Sərmayənin hasilata təsiri isə bir qədər zaman tələb edəcək. 4,2 milyard dolların yatırılması növbəti gündən hasilatın eyni həcmdə artması demək deyil. Dənizdə yeni quyuların qazılması, platforma və digər infrastrukturun qurulması, avadanlıqların quraşdırılması və sınaqlar mərhələli şəkildə həyata keçirilir. Lakin layihə tam işə düşdükdən sonra yatağın hasilatının hazırkı səviyyə ilə müqayisədə təxminən üç dəfə artırılması gözlənilir. Bu da “Abşeron”u Azərbaycanın qaz balansında daha böyük paya malik yataqlardan birinə çevirə bilər”.
Aynur Əhmədli